Bakıda keçirilən aksiyada ictimai qaydanı pozan bir qrup şəxs həbs olunub - YENİLƏNİB + VİDEO

Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. 
Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək,  Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.  
Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən olunub. Onlardan bir qrupu şübhəli şəxs qismində istintaqa cəlb olunaraq, törətdikləri əməlləri sübuta yetirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində cinayət işi açılaraq, məhkəməyə göndərilib. 
Məhkəmənin müvafiq qərarları onların hər biri barəsində üç aylıq həbs-qəti imkan tədbiri seçilib. 
Hazırda qanunsuz  hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.  
12:32, 18 iyul 
Bakıda Milli Məclisin qarşısında iğtişaşlar törətməkdə ittiham olunan Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində həbs-qətimkan tədbiri seçilib.
Demokrat.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda Elçin Məmmədovun barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda İlkin Əliyevin, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda Müşfiq Vahabovun, hakim Ceyhun Tağıyevin sədrliyi ilə baş tutan iclasda isə Səbuhi Mustafayevin barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən olunan Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.
Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.
[video=]


Tarix: 19-07-2020, 12:14


Bölməyə aid digər xəbərlər