Milli Məclisin (MM) bu gün keçirilən növbəti plenar iclasında “İstilik təchizatı haqqında” qanun layihəsi I oxunuşda müzakirə edilir.
Sənəd Prezident İlham Əliyevin imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb.
Qanun layihəsinə əsasən, istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, dövlətin vəzifələri müəyyən edilir. Bundan əlavə, sənəddə istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri təsbit edilir.
Qanun layihəsinə əsasən, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.
İstilik təchizatı sektorunda qiymətlər (tariflər) “Tənzimlənən qiymətlər haqqında” qanuna uyğun tənzimlənəcək. Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən ediləcək. Tənzimləyici bu qiymətləri monitorinq edəcək.
2028-ci il iyulun 1-nə qədər isə istilik təchizatı sektorunda qiymətləri (tarifləri) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tənzimləyəcək.
Bölməyə aid digər xəbərlər