16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Prezidentin müharibə aparmaq üçün istinad etdiyi sənəd, həmsədrlərə mesaj - TƏHLİL

Beynəlxalq siyasi sistem bütün dövlətlərin suverenliyinə bərabər hüquq tanıyır və beynəlxalq standartlarla tanınan sərhədlərin qorunması anlayışı üzərində dayanır.Beynəlxalq hüquqdakı nəzəri müddəalar cazibədardır, hətta ideal qlobal münasibətlərin bərqərar olması üçün mükəmməl baza rolunu oynayır.
Ancaq cazibədarlığa xələl gətirənlər çoxdur, çünki həmin müddəaların tətbiqinə münasibətdə ayrı-seçkiliyə yol verilir, ikili standartlar tüğyan edir.
Üstəlik, suverenliyi pozan, ərazi bütövlüyünə təhdidlər yaradan hansısa qüvvəyə dəstək mexanizmləri beynəlxalq hüququn işləmə prinsipini sual altına qoyur.
Faktiki mənzərədə beynəlxalq hüququn və suveren dövlət sisteminin əsas prinsipi kimi ərazi bütövlüyü artan təzyiqlərə məruz qalır.
Bununla bağlı çoxsaylı nümunələr gətirmək niyyətində deyilik. Sadəcə, beynəlxalq hüquq və normaları pozan işğalçı Ermənistana münasibət kontekstində Azərbaycana qarşı qərəzin nümunələrini göstərmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev də iyulun 6-da Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında yerli telekanallara müsahibəsi zamanı beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsində işğalçı Ermənistana qarşı tədbir görməməsindən danışıb.
İlham Əliyev deyib ki, Ermənistan Avropa Şurası Parlament Assambleyasında tamamilə tənqiddən kənarda qalırdı. Səbəb isə ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilərin bütün imkanlardan istifadə edib, Ermənistanı tənqidlərdən qoruması idi.
Prezident bildirib ki, Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil.
“Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”, - deyə Prezident əlavə edib.
Əslində, Qarabağ münaqişəsinə ərazi bütövlüyü ilə yanaşı, terrorla mübarizə kontekstində də baxılmalıdır. Çünki Ermənistan təkcə əraziləri işğal etməyib, həm də orada terror fəaliyyətini həyata keçirib və bu proses hazırda davam edir.
Ermənistanın işğal altındakı ərazilərdə terror fəaliyyəti isə yekcins deyil, həm iqtisadi, həm mədəni, həm də siyasi terroru özündə cəmləşdirir.
Amma bəzi dairələr işğalla yanaşı, terror fəaliyyətini də pərdələməyə cəhd edir.
Dövlət başçısı bildirib ki, bəzi siyasi xadimlərin, deputatların, bəzi Avropa ölkələrinin hökumət üzvlərinin Ermənistana xüsusi münasibət bəsləməsinə dair siqnallar var.
“Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar”, - deyə Prezident mesaj verib.
İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini də (Rusiya, ABŞ, Fransa) tənqid edib, Azərbaycanın münaqişənin sülh yolu ilə həlli missiyasını üzərinə götürənlərdən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözlədiyini diqqətə çatdırıb.
2019-cu ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı səsləndirmişdi. Bundan sonra isə, oktaybrın 3-də İlham Əliyev Soçidə  “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə Paşinyana tutarlı cavab vermişdi.
Prezident müsahibədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Nikol Paşinyanın “Qarabağ Ermənistandır” iddiasına cavab verməməsinə münasibətini açıqlayıb.
“Niyə cavab verilmir ki, bu ifadə, əslində, Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir!”
Onun bildirdiyinə görə, həmsədrlər Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər.
“Qondarma Dağlıq Qarabağda saxta seçkilər nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?!
Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq?”
ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun bəyanatlarında müharibə variantına qarşı çıxılır. Halbuki Azərbaycan sülh danışıqları nəticə verməsə, işğal edilmiş ərazilərini azad etmək hüququna malikdir.
BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT-nin hər hansı üzvü ona qarşı silahlı hücum baş verərsə, kollektiv və fərdi özünümüdafiə hüququna malikdir. Nizamnaməyə uyğun olaraq atılan addım həmin ölkə üçün heç bir məsuliyyət yaratmır. Əksinə, Nizamnamə beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün bu cür addımları zəruri hesab edir.
Prezident BMT-nin Nizamnaməsinə diqqət çəkib, ATƏT-in Minsk Qrupunun özünü BMT-nin Nizamnaməsindən üstün hesab etməsinə dair ritorik sual ünvanlayıb:
“Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk Qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik”.
Azərbaycanın zaman-zaman səsləndirdiyi və həmsədrlərdə qıcıq yaradan müharibə mesajları beynəlxalq hüquqa əsaslanır, burada əlavə iddia və ambisiyadan söhbət belə gedə bilməz.
Rəsmi Bakı həmsədrlərin və Ermənistanın marağında olan imitasiya xarakterli danışıqlara qarşı çıxır.
Birincisi, ona görə ki, bu cür danışıqlar Minsk Qrupunun guya effektiv, əslində isə “yerində sayan” fəaliyyətininin təzahürüdür. Bu cür danışıqlarla həmsədrlər “biz də bir iş görürük” kimi ismarıc ünvanlayırlar. İkincisi isə, imitasiya Ermənistanın maraqlarını güdür və Qarabağ münaqişəsi ətrafında status-kvonun saxlanılmasına xidmət edir.


Tarix: 7-07-2020, 12:59


Bölməyə aid digər xəbərlər