Odessada Ukrayna Prezidenti Vladimir Zelenski ilə Yunanıstan Baş naziri Kiriakos Miçotakis arasında keçirilən görüş zamanı Rusiya şəhərə raket zərbəsi endirib.
Bu barədə Ukrayna lideri birgə brifinq zamanı bildirib.
“Biz bu zərbəni bu gün gördük. Onlar hara vuracaqlarına əhəmiyyət vermirlər - hərbçilər, yoxsa mülki şəxslər... Mən bilirəm ki, bu gün itkilər olub, hələlik bütün təfərrüatı bilmirəm, amma bilirəm ki, ölü və yaralılar var", - Zelenski vurğulayıb.
Miçotakisin sözlərinə görə, onlar hücum zamanı Odessa dəniz limanında olublar. Zelenski və əməkdaşları limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar.
"Artıq sonda sirenaların səsini eşitdik və bizə çox yaxın ərazidə partlayışlar oldu. Mühafizə olunan bir yerə getməyə vaxtımız olmadı. Ona görə də bu, çox təsiredici təcrübədir. Biz başa düşürük ki, bu müharibə hər kəsi narahat edir. Bu müharibədən kənarda qalan insanlar yoxdur. Bu müharibə heç kimə rəhm etmir", - yunan baş nazir bildirib.
Bölməyə aid digər xəbərlər