16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Mənzillərin hamısı ikiotaqlıdır. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Onu da deyək ki, təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.
Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.
Dövlətimizin başçısına və birinci xanıma sosial təminat və birdəfəlik ödəmə, 2020-ci ildə məşğulluq tədbirləri, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, sosial xidmətlər və reabilitasiya, şəhid ailələrinə və müharibə əlillərinə qayğı, DOST mərkəzlərinin fəaliyyəti, elektronlaşma və innovativ həllər, pandemiya ilə əlaqədar olaraq məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumat verildi. Ümumilikdə, Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da çoxalması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artıb.
Bu ilin ilk 6 ayında müharibə əlillərinə 1435 reabilitasiya vasitəsi verilib. Hazırda bir çox şəhər və rayonda bərpa və uşaq bərpa mərkəzlərinin inşası və təmiri davam edir. İlin birinci yarısında 1, 2 və 3 saylı DOST mərkəzlərinə 61057 vətəndaş müraciət edib. Vətəndaş məmnunluğu isə 96 faizdir. Tezliklə Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdədə DOST mərkəzlərinin açılması nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı-Əziz dostlar, bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz dövlət tərəfindən mənzillərlə təmin edilirsiniz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Mən indi sizin yeni yaşayış yerinizlə tanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standartlara cavab verən ev tikilibdir, mənzillər də çox genişdir və tam təmirlidir. Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq mümkün olacaqdır. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür.
Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik.
Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.
Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq.
Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi? Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində bizim belə imkanlarımız yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşayırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar.
Bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il çox böyük işlər görülübdür və bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik? Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar.
Pensiyaların artırılması - bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bütün bunlar bizim siyasətimizi göstərir. Əlbəttə ki, sosial sahədə digər önəmli layihələr də icra edilir. Özünüməşğulluq proqramı - insanlara imkanlar yaradılır ki, onlar öz ailələrini dolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə 12 min insan cəlb olunacaq, 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Mən açıq deyirəm ki, ictimai iş yerləri o iş yerləridir ki, onlarsız da ölkə inkişaf edə bilər. Biz, sadəcə olaraq, insanlar üçün şərait yaradırıq ki, pul qazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsait əldə etsin.
Beləliklə, bütün bu və digər sosial layihələr, DOST xidmətinin fəaliyyətə başlaması həm ideya, innovasiya, siyasət, eyni zamanda, vəsait tələb edir. Sirr deyil ki, bizim vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur. Təsəvvür edin, əgər bizim neft-qaz kəmərlərimiz olmasaydı və xarici şirkətlər Azərbaycan neft-qaz sənayesinə milyardlarla dollar pul qoymasaydılar, biz indi nəyin hesabına yaşayacaqdıq? Bu səviyyədə yaşaya bilərdikmi? Əlbəttə ki, yox. Öz haqlı işimizi beynəlxalq arenada bu dərəcədə müdafiə edə bilərdikmi? Əlbəttə ki, yox. Ona görə Ulu Öndərin xalq qarşısında xidmətləri arasında bu sahə xüsusi yer tutur. Biz məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaratmışıq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyuruq. Biznes, özəl sektor buna görə inkişaf edir. Hər kəs bunu bilməlidir ki, bu gün və bundan sonrakı illərdə qeyri-neft sektoru nə qədər inkişaf edirsə-etsin, bizim əsas gəlir mənbəyimiz enerji sektorudur – neft və bu gün qaz. Ona görə bu, bizim üçün strateji əhəmiyyətli sahədir. Əlbəttə, mən çalışıram və bundan sonra da çalışacağam ki, bu sahə inkişaf etsin. Biz yeni neft kontraktlarının, yeni layihələrin işə düşməsi nəticəsində uzunmüddətli inkişafımızı təmin edəcəyik.
Ona görə neft hasilatı, qaz hasilatı, dünya bazarlarında neftin qiyməti bizim üçün xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Təkcə bizim üçün yox, neft, qaz hasil edən, ixrac edən bütün ölkələr üçün əhəmiyyətlidir. Çünki bu ölkələrin iqtisadiyyatı, artıq oturuşmuş iqtisadiyyatlar bunun üzərində qurulubdur. Ona görə neftin qiymətinin bir dollar aşağı düşməsi milyonlarla dollar itki deməkdir. Baxın, bu il neftin qiyməti bir neçə dəfə düşüb və bizim gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Əksinə, pandemiya dövründə maksimum nə mümkünsə etmişik, edirik və edəcəyik.
Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət. Bu, bizim şəhid ailələrinə, şəhidlərin ruhuna olan hörmətimizdir. Amma əfsuslar olsun, ölkə daxilində elələri tapılır ki, neftin qiymətinin düşməsinə sevinirlər. Buna kim sevinir? Mən demişəm, bir daha demək istəyirəm ki, qoy, Azərbaycan xalqı bunu bilsin və unutmasın. Birincisi, Ermənistan sevinir, çünki başa düşürlər ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək və Ermənistan da bundan faydalanacaq. Buna Ermənistan sevinir, bu, təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar sevinir. Bu məlumat artıq ictimailəşib. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə görün necə sevinirdi ki, neftin qiyməti 14 dollara düşüb. Bir-birinə “şad xəbər” verirlər, təbrik edirlər və bəziləri deyir ki, hələ tələsməyin, hələ düşəcək, o vaxt sevinəcəyik. Bu, nə deməkdir?! O deməkdir ki, bizim gəlirlərimiz azalacaq, lazımi sayda, həcmdə silah ala bilməyəcəyik. Özü də bu gün artıq dünya silah bazarı çox bahalı bir sahədir və hər bir silahın alınması çox böyük vəsait tələb edir, xüsusilə müasir dövrdə. Bu gün, əgər belə demək mümkündürsə, ağıllı silahlar üstünlüyü təmin edir. O silahlar ki, onların qiyməti çox bahadır və biz onları alırıq, alacağıq. Bizim imkanımız olmasa, onları ala biləcəyikmi? Yəni, bu gün özünü müxalifət adlandıran bu mənfur dəstə nə istəyir? İstəyir ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz qalsın, gücsüz qalsın, silahsız qalsın. Azərbaycanı torpaqlar əldən gedən dövrdəki hala salmaq istəyirlər. Ona görə Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, - müxalifətçilik dövlətə qarşı ola bilməz, - mən tam haqlıyam. Bizi yenə də o qara günlərə qaytarmaq istəyirlər. O günlərə ki, biz o vaxt torpaqlarımızı itirmişik, məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızı itirmişik. Onların hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində torpaqlarımızı itirmişik. O vaxt torpaqlar əldən gedirdi, amma Azərbaycan Xalq Cəbhəsi burada vətəndaş müharibəsinə start vermişdi, qardaş qanı axıdılırdı. Ermənilər bizim şəhərlərimizi bombalayırdılar, şəhərlərimizi tuturdular, Kəlbəcəri işğal etmişdilər, onlar isə Gəncəni bombalayırdılar, öz şəhərlərini bombalayırdılar, Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu, xəyanət deyil, bəs nədir?! Şuşa kimi alınmaz qalanı ermənilərə satan satqınlar xəyanətkar deyil, bəs nədir?! Siz bunları yaxşı bilirsiniz. Məhz o dövrdə siz yaxınlarınızı itirmisiniz, öz sağlamlığınızı itirmisiniz, hər şeyi yaxşı xatırlayırsınız, o qara günləri xatırlayırsınız. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər. Bax, budur neftin qiymətinin düşməsinə sevinənlər. Mən demişəm, onlar ermənilərdən də pisdirlər.
Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya silahlarında hücum təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Dərhal lazımi tədbirlər görülüb və qisas əməliyyatı keçirilib. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib. Yəqin ki, siz də o videogörüntüləri internetdə görmüsünüz, Azərbaycan Ordusu sərrast atəşlə, dəqiqliklə Ermənistanın dayaq məntəqələrini, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturunu necə məhv edir. Biz bunu nəyin hesabına edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, biz onu edə bilməzdik. Bu gün Azərbaycan Xalq Cəbhəsinin gözündə qalan arzusu budur ki, imkanımız olmasın, Azərbaycan yenə də torpaqlar itirsin.
Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Mən dərhal göstəriş verdim ki, hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri görsün. Yəqin, internetdə görmüsünüz ki, insanlarla bərabər, polis əməkdaşları da gedirdilər. Çünki insanlar avtomobil yolu ilə gedirdilər, orada hansısa qəza baş verə bilərdi. Çox nizamlı şəkildə hara gəldilər? Şəhidlər xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən, başqa heç kim.
Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar. Bu, nəyi xatırladır? Yəqin ki, siz də xatırlayırsınız, 1990-cı ili. Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı. O kadrlar da var, yəqin ki, televiziyalar onu göstərəcəklər. O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək. İndi istintaq materialları bunu artıq göstərir. Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, mənim çıxışımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazılsınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.
Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik.
Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq.
Mən bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz daim təmasdayıq. Mənə telefonla zəng edib, dəstək ifadə edib, şəhidlərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Deyib ki, biz sona qədər bir yerdəyik.
Mən də hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət göstərmişəm. Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm tarixə, bizim ortaq, etnik köklərə, həm də bugünkü siyasətə əsaslanır. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərmişlər.
Bir çox ölkələr fərdi qaydada rəsmi şəxslər səviyyəsində dəstək göstərmişlər. Ona görə də mən onlara minnətdaram. Beynəlxalq təşkilatlar, ilk növbədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstərmişlər. Mən də cavab məktublarımda bu ölkələrin dövlət başçılarına öz təşəkkürümü bildirmişəm. Bu məktublar mətbuatda dərc edilib.
İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Orada 57 ölkə birləşir. Bu, həm haqq-ədalətə verilən, həm də Azərbaycana verilən dəstəkdir. Çünki siz də bilirsiniz, mən İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər səylər göstərirəm. Azərbaycan nə qədər çalışır ki, bəzi İslam ölkələri arasında olan hansısa ixtilaflar aradan qaldırılsın, yaxud da yumşalsın ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu qiymətləndirir. Bütün ölkələr - 57 müsəlman ölkəsi bizi dəstəklədi. Baxmayaraq ki, bu ölkələrin bəzilərində erməni icmaları kifayət qədər böyük imkanlara malikdir. Baxmayaraq, bu ölkələrdə erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz çalışırlar ki, bəzi müsəlman ölkələrini öz tərəfinə çəksinlər. Biz bunu görürük. Bəzən səfərlər edirlər. Bəzən dövlət başçısı səviyyəsində müsəlman ölkələrinə gedirlər. Biz hər şeyi izləyirik, baxırıq, baxmalıyıq. Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır.
Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər. Bu azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim müqəddəs ocaqlarımızı təhqir edirlər. Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim deyil, bütün müsəlman aləminə məxsusdur. Mən sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr olsun, hansısa dostluq haqqında danışsınlar? Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək istəyirəm, Ermənistan çalışır ki, onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər. Əgər görsələr ki, bu ölkələrin hakimiyyəti öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o ölkələrin vətəndaşları öz sözünü deməlidir, Azərbaycanla həmrəy olmalıdır. Necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb. Mən dünən Sərəncam imzaladım, Tovuz rayonunda zərər çəkmiş bütün binalar, – indi komissiya təşkil olunub, - inventarlaşdırılacaq və qısa müddət ərzində biz bütün evləri bərpa edəcəyik. Amma insanların həyatını bərpa etmək olarmı? 76 yaşlı ağsaqqalın həyatını bərpa etmək olarmı? Bunu kim edib? Ermənistan edib. Əfsuslar olsun ki, özünü bizə dost kimi təqdim etmək istəyən bəzi ölkələr onlara bu mərmiləri veriblər ki, Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını, uşağı, qocanı Xocalıdakı kimi öldürsünlər. O vaxt bizim gücümüz yox idi. Bizim deyəndə, əvvəlki iqtidarın, hansı ki, bu faciə vaxtı Azərbaycana rəhbərlik edirdi. Açıq danışmalıyıq, bu, belədir. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları hər şeyi bilməlidir. Ona görə İslam Əməkdaşlıq Təşkilatının bu qərarını biz çox yüksək qiymətləndiririk. Qoşulmama Hərəkatı da, - burada 120 ölkə cəmləşir, - birmənalı şəkildə Azərbaycanı dəstəklədi.
Mən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq.
Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar.
Mənim fikrim nədən ibarətdir, siz hamınız yaxşı bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi necə görmək istəyirik, onu da bilirik və Azərbaycan xalqı da bilir. Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə bir yerdə görüşüb bu günləri də xatırlayacağıq. Bir daha sizi ürəkdən təbrik edirəm, Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
Şəhid Əli Həsənovun həyat yoldaşı Arifə Həsənova çıxış edərək dedi:
-Mən şəhid Həsənov Əli İsmayıl oğlunun həyat yoldaşıyam.
Cənab Prezident, hörmətli Mehriban xanım, Siz həmişə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğı ilə yanaşmışınız. Buna görə bizim ailəmiz və qayğı göstərdiyiniz insanlar adından Sizə böyük minnətdarlığımızı bildiririk. Ötən il bizə 11 min manat məbləğində birdəfəlik ödəmə verdiyinizə görə Sizə təşəkkür edirəm. İndi isə bu gözəl binada bizə mənzil verdiyiniz, biz şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini həmişə diqqətinizdə saxladığınız üçün təşəkkür edirik. Hər şeyə görə çox sağ olun, hər şeyə görə Sizə minnətdarıq. Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.
18:42
İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.
https://www.facebook.com/watch/?v=768270217277768​​​


Tarix: 21-07-2020, 18:03


Bölməyə aid digər xəbərlər