Abibov qardaşları superintensiv üsulla meyvə bağları salıblar

Bir həftədir alma bağlarında yığıma başlamışıq. Məhsulumuz boldur. Hazırda “Golden” sortunu toplayırıq. Ardınca “Startgimson” və “Simerenko” sortlarını yığacağıq. Satışla bağlı problemimiz yoxdur. Müştərimiz var. Hər il bizim meyvənin 80 faizi Rusiya bazarlarına göndərilir. Qalanı isə yerli bazarlarda satılır. Pandemiya dövrü olsa da, məhsulumuzu xarici bazara çıxarmaqda problem yoxdur. Almadan əvvəl gilas və gavalı bağlarının məhsulunu Rusiyaya göndərmişik.
Bu sözləri müsahibəsində qubalı fermer Musa Abibov söyləyib.
Musa və Merdas Abibov qardaşlarının Qubanın Dəlləkli kəndində 4 hektar sahədə nümunəvi təsərrüfatları var. Fermerlər dədə-baba, həm də superintensiv üsulla meyvə bağları salıblar.
Sentyabrın ikinci ongünlüyündən başlayaraq alma bağlarında meyvə yığımına başlanılıb. Yığılan məhsul əvvəlcə anbarlara toplanılır. Daha sonra bazara çıxarılacaq. Yerdə qalan keyfiyyəti nisbətən zəif almalar isə şirə istehsalı üçün emal müəssisələrinə təhvil verilir.
Abibov qardaşları bağlarında alma, gilas, nektarin, armud və başqa meyvələr, həmçinin 20 növ tərəvəz və bostan bitkiləri becərirlər. Maraqlısı odur ki, təsərrüfatçılar tərəvəz və bostan bitkilərini superintensiv meyvə bağlarında əkiblər. Yeni əkilən ağaclar böyüyənədək aralarındakı boş sahədə xiyar, pomidor, kələm, kök və başqa məhsullar becərilir.
Merdas Abibov bildirib ki, təsərrüfatlarında əkdikləri çiyələk yetişmək üzrədir. “Əkdiyimiz çiyələk elə sortdur ki, may ayından başlayaraq şaxtalar düşənədək məhsul yığmaq olur. Hazırda Quba bazarında bizim sahəmizdən yığılan çiyələk satılır. Bu cür əkinin əsas üstünlüyü odur ki, ağaclara qulluq üçün qurulan sistemlə tərəvəz də suvarılır”, - deyə təsərrüfatçı bildirib.
Rayonda, ümumilikdə, 13 min 800 hektar alma bağı var ki, bunun da 13 min 200 hektarı barverəndir. Ötən il alma bağlarından 117 min 800 ton məhsul toplanılıb.


Tarix: 23-09-2020, 08:59


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı