Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA


“KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.

Xatırladaq ki, bu haqda Baş Prokurorluq da xüsusi açıqlama ilə çıxış etmişdi. Həmin məlumatda vurğulanırdı ki, KİVDF-nin vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.

Bundan öncə isə mətbuatda belə bir idda yayılıb ki, Ə. Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək”.

“SAVAŞ”-ın əldə etdiyi məlumata görə, Əli Həsənov Azərbaycana qayıdacağı təqdirdə həbs olunacağından çox ehtiyat edir. Düzdür, Prokurorluğun açıqlamasının ardınca Əli Həsənov da açıqlama verərək yaxın 10-15 gün ərzində ölkəyə qayıdacağını bəyan edib. Lakin etibarlı mənbədən aldığımız məlumata görə Əli Həsənov onu Azərbaycanda gözləyən təhlükəni zərərləşdirmədən ölkəyə qayıtmağı düşünmür.

Məlumata görə, Türkiyədə olan Əli Həsənov qardaş ölkədəki əlaqələrini işə salaraq prezident Rəcəb Tayyib Ərdoğanla görüşməyə cəhdlər edir. Ərdoğana sığınaraq Bakıdan əfv diləməyi düşünən Əli Həsənovun bu cəhdləri hələ ki nəticəsiz qalıb.

Belə ki, çoxsaylı cəhdlərinə baxmayaraq Ərdoğan onu qəbul etməyib.
 


Tarix: 6-09-2020, 13:33


Bölməyə aid digər xəbərlər