İlahi ədalət mütləq bir gün yerini tapır. Birinci Qarabağ müharibəsi bitdikdən sonra gözlərimiz hər yerdə bu ədaləti arayırdı. Bəzi güclü ölkələrin ikili siyasəti, öz coğrafi, siyasi, iqtisadi maraqlarını günahsız körpələrin pöhrə həyatlarından üstün tutaraq Xocalı, Kəlbəcər, Daşaltı faciəsi kimi insanlıq adına qara ləkə olan hadisələrin, iki milyon insanın yağmalanaraq min illərdir ki, kök saldıqları dədə-baba torpaqlarından didərgin salınmalarının görməzdən gəlinməsi bir daha göstərdi ki, bizə bizdən başqa dost yoxdur.
30 illlik həsrət nəhayət ki, sona yetdi. Sentyabrın 27–də başlamış 8 Noyabrda Şanlı Qələbəmizlə taclandırılan II Qarabağ müharibəsi sübut etdi ki, xalqımız soykökünün-Tomrisin, Cavidanın, Babəkin, Şah İsmayılın yolunu unutmayıb. Haqq uğrunda, qürurları uğrunda, tarixi torpaqları uğrunda dəmir yumruq kimi birləşib ağılagəlməz birlik, şücaət, cəngavərlik göstərərək ən inkişaf etmiş ölkələri belə heyrətə sala bilərlər.
Əlbəttə ki, barəsində hələ çox qəhramanlıq dastanları yazılacaq igid ordumuzun 44 günlük igidlik salnaməsi birdə -birə yazılmadı.
Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi Qarabağ bizim qürur məsələmiz oldu. Otuz il boyunca nə dövlətimiz, nə də xalqımız, bir an da olsun ümidini itirmədi. Hər an torpaqlarımızın qaytarılmasına, İlahi ədalətin bərqərar olmasına addım-addım yaxınlaşdıq.
Artıq şanlı ordumuz uzaqgörən, müdrik Prezdentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında öz qüdrətini göstərdi. Döyüş meydanında əldə olunmuş Qələbə düşməni ağ bayraq qaldırmağa, kapitulyasiyaya imza atmağa məcbur etdi.
Mən Dağlıq Qarabağ statusunun ləğv olunmasına görə Prezidentimiz cənab İlham Əliyevə bir vətənpərvər kimi minnətdaram. Dağlıq Qarabağ Muxtariyyətinin ləğv olunmasını ikiqat Qələbə kimi qiymətləndirməliyik. İlham Əliyevin kapitulyasiya sənədləşməsi haqqındakı çıxışında dediyi fikir heç vaxt yaddan çıxmaz: ”Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək görəcək ki, nə qədər böyük bir siyasi qələbə qazanmışıq”.
Lakin görünür ki, Ermənistan dövləti hələ də gerçəkləri qəbul etmək istəmir. İşğalçı dövlətlərdən dəstəklənib revanşist fikirlərdən əl çəkmir. Onsuz da acınacaqlı vəziyyətə düşmüş erməni xalqını onların xəstə təxəyüllü dövlət rəhbərliyinin yarıtmaz siyasəti daha da miskin vəziyyətə salır.
Tarixi torpaqlarımız olan Zəngəzurdan Naxçıvan və Zəngilan arasındakı 40 km-lik dəhlizin açılışı Türkiyə, Naxçıvan, Azərbaycan arasındakı iqtisadi-coğrafi sferanın canlanmasına yeni nəfəs verəcəkdir. Əgər bu proselərə xəbis düşüncəli erməni mane olarsa, dəmir yumruq yenə onlara öz “töhfəsini” verəcəkdir.
Bundan sonra işğalçı dövlətlərin Ermənistana işğalçı dəstəyi araqarışdırmaqdan başqa bir şey deyildir.
Torpaqlarımızın bütövlüyü, təhlükəsizliyi, xalqımızın milli maraqları toxunulmazdır, bunları qoruyan güclü dövlətimiz, güclü ordumuz, müdrik rəhbərimiz, bu yolda canını, qanını əsirgəməyən 7-dən 70-ə Böyük Azərbaycan xalqı var. Qoy bunu bütün dünya bilsin!
Zeynəb Əsədova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi
Bölməyə aid digər xəbərlər