“Şuşaya gedəndə bildim ki, bu şəhər niyə Azərbaycan xalqı üçün belə vacibdir” - Cənubi Koreya elçisi

“Şuşaya gedəndə bildim ki, bu şəhər niyə Azərbaycan xalqı üçün belə vacibdir”
“Mən Şuşaya bir-iki il sonra getsəydim, Şuşa haqqında fikirlərim dəyişə bilərdi. Oranın necə gözəl bir yer olduğunu öz gözlərimlə gördüm”.

Bu sözləri Modern.az saytına açıqlamasında Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tonq Op Kim deyib.

Səfir bildirib ki, Şuşaya getmək ayrı bir qürurdur:

“Hazırda azərbaycanlıların çoxu ora gedə bilmir, mən oranı ziyarət edə bildim. Bu mənim üçün qürurdur, eyni zamanda, azərbaycanlılara qarşı özümdə hardasa günahkarlıq hissi keçirirəm ki, onlardan qabaq mən Şuşanı görmüşəm. Bunun üçün də Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkürlərimi bildirirəm. Şuşaya getməzdən əvvəl onun haqqında çox eşitmişdim və kitablardan oxumuşdum. Mənim şəhər haqqında ümidlərim böyük idi. Həmişə fikirləşirdim ki, niyə Azərbaycan üçün Şuşa bu qədər vacibdir, xalq Şuşaya bu qədər təzim edir. Mən Şuşaya gedəndə bütün qəlbimlə hiss edə bildim ki, bu şəhər niyə belə vacibdir. Füzulidən Şuşaya gedən yol hazırda bir az nizamsızdır. Hələ orda düzəliş işləri aparılmalı, eyni zamanda, insanların yaşayışı üçün işlər görülməlidir. Bu yöndə də işlər aparılır. İşlər tamamlanana qədər də yəqin ki, insanlar ora gedə bilməyəcək. Amma dövlət layihələri hal-hazırda orda həyata keçirilməkdədir. Bu layihələrin tez bir zamanda bitməsini və bütün əhalinin gedib oranı ziyarət etməsini arzu edirəm.

Cənab Prezidetin də həmişə vurğuladığı kimi, sülh şəraitində çiçəklənən Qafqaz həmişə gözəl işlərə şahid olacaq”.
 


Tarix: 14-07-2021, 13:06


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı