“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Özünü Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edərək külli miqdarda dələduzluq etmiş şəxs barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Qəbələ rayon Bum qəsəbə sakini 1996-cı il təvəllüdlü Zaməddin Hacıyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu (Külli miqdarda dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Z. Hacıyev hərbi xidmətdə olarkən oradakı yoldaşlarına özünü gömrükçü kimi təqdim edib. Ali təhsilli olan şəxs daha sonra hərbi xidmətini başa vurub və Bakıya gəlib. O, paytaxtda 110 manat müqabilində gömrükçü geyimi alıb və həmin formanı qeyri-qanuni şəkildə geyinərək daşımağa başlayıb.

Bundan sonra Z. Hacıyev özünü Dövlət Gömrük Komitəsinin Kadrlar İdarəsinin və İstintaq İdarəsinin məsul əməkdaşı kimi təqdim etməklə bir neçə tanışını işə düzəltmək adı ilə onlardan pul alıb.

O, müvafiq olaraq zərərçəkmiş şəxslərdən 2 000, 8 600, 11 000, 28 400, 17 825, 2 920, 37 530 manat alıb.

Bildirilib ki, Zaməddin Hacıyev görüşlərə Dövlət Gömrük Komitəsinə aid xidməti formada və bahalı “Range Rover” markalı avtomobildə gedirmiş. Onun əməlindən zərər çəkmiş şəxslərdən biri ATV telekanalının əməkdaşı olub. O, həmin şəxsə Dövlət Gömrük Komitəsində xidməti sürücü götürəcəyi vədini verərək 2 920 manatını ələ keçirib.

Zərərçəkmiş şəxslər Z. Hacıyevin verdiyi vədə və aldığı pulun qarşılığında götürdüyü öhdəliyə əməl etmədiyi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra cinayət işi açılıb və o, saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Z.Hacıyevə 7 il 6 ay həbs cəzası verilib.(Qafqazinfo)



Tarix: 6-05-2024, 18:04


Bölməyə aid digər xəbərlər