Şəhla Novruzova koronavirusdan sağalan şəxslərdən biridir. Onun ev şəraitində COVID-19-dan sağalmaq cəhdi uğursuz olub və qadın ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına çatdırılıb. Həkimlərin səyləri sayəsində hazırda Ş.Novruzova özünü yaxşı hiss edir və evə buraxılıb.
Media.Az-a verdiyi müsahibədə Şəhla Novruzova xəstəliyi necə keçirdiyindən danışıb. - Sizi nə vaxt xəstəxanaya apardılar?
- Bu, iyun ayının 18-də baş verib. İyunun 26-da isə test nəticələrim mənfi çıxdı və məni evə buraxdılar. Xəstəxanaya necə ağır vəziyyətdə aparıldığımı təsəvvür edə bilməzsiniz. Dəhşətli dərəcədə nəfəs çatışmazlığı vardı, ayaq üstə dayana bilmirdim, danışmaq iqtidarında deyildim. Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin həkimləri mənə yardım etdilər, üç gün süni tənəffüs dəstəyi alandan sonra vəziyyətim yaxşılaşmağa başladı. Sərbəst nəfəs almağıma, gəzməyimə inana bilmirdim.
- Xəstəliyin ilk əlamətlərini xatırlaya bilərsiniz?..
- Məndə ilk əlamət qoxu hissinin itməsi oldu. Hazırda Türkiyədə təhsil alan həkim qızıma zəng etdim. O, mənə müəyyən dərmanlar qəbul etməyi məsləhət gördü. Eyni zamanda, koronavirus testi verdim və kompüter tomoqrafiyası müayinəsindən keçdim. Nəticədə, ağciyərlərimdə “buzlu şüşə” sindromu müəyyən edildi. Bir həftə evdə müalicə aldım, lakin sonra vəziyyətim pisləşməyə başladı, tənəffüs çatışmazlığı ortaya çıxdı. Məhz bundan sonra təcili tibbi yardım çağırdıq və mən Mərkəzi Gömrük Hospitalına yerləşdirildim. Bu zaman artıq mənim əllimdə testimin müsbət olduğunu təsdiq edən nəticələr vardı.
- Evdə hansı dərmanlarla müalicə olunurdunuz?
- Virus əleyhinə həblər və antibiotiklərlə. Ancaq ev müalicəsi nəticə vermədi, vəziyyətim pisləşdi.
- Siz qeyd etdiniz ki, xəstəliyi çətin keçirdiniz. Digər yanaşı xəstəlikləriniz var idimi?
- Xeyr, xroniki xəstəliklərim yoxdur, sağlam həyat tərzi keçirirəm və pandemiya zamanı bütün qaydalara əməl etmişəm. Buna görə də, yoluxduğumu biləndə çox təəccübləndim. Həyat yoldaşım evdə xəstədir, daim ona baxıram, demək olar ki, çölə çıxmıram. Düşünürəm ki, mən evimizə gələn şəxslərdən virusa yoluxmuşam. Allaha şükür ki, infeksiya məndən ərimə keçmədi.
- Pandemiya xəstələrinin müalicə olunduğu xəstəxanalarda vəziyyət necədir?
- Bilirsiniz, mən müsbət mənada təəccübləndim. Tibbi personalın diqqəti və dəstəyi xəstələr üçün çox önəmlidir. Həkimlər xəstələrin vəziyyətini daim nəzarətdə saxlayır, temperatur ölçülür, qan analizi götürülür, xəstələri lazımi dərmanlarla zamanında təmin edirlər. Gəcə və ya gündüz fərq etmir, nəzarət hər zaman var. Yaxşı yadımdadır, həkimlər gecə saat üçdə, yaxud sübhə yaxın saat beşdə mənə yaxınlaşıb, vəziyyətimi nəzarət altında saxlayırdılar. Xəstəxanada çalışan tibb bacıları xüsusi diqqətə layiqdirlər. Palatada həmişə səliqə-sahman hökm sürür, gündə üç dəfə yemək verilir, həmişə vaxtında gətirilirdi və dadlı olurdu.
Həyatımı xilas edən həkim Tofiq Bayramova xüsusi təşəkkürümü bildirirəm.
Eləcə də, tibb bacıları Olqa Xasayevaya, Fəxriyyə Səmədovaya, həkimlərdən Elvin Əzizova, Səidə Kərimovaya, Namiq Novruzova və Təranə Göyüşovaya minnətdaram. Ola bilsin, hamının adlarını xatırlamıram, amma Mərkəzi Gömrük Hospitalının işçilərini ağ xalatlı mələklərlə müqayisə edərdim.
Gözlərimin önündə çox insanın həyatını qurtardılar, yorğun olsalar da, hər zaman hər cür kömək və dəstək verməyə hazır idilər. Koronavirus xəstələri üçün yaradılan şəraitə görə Prezidentimizə və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə xüsusi təşəkkür edirəm.
- Koronavirusa inanmayanlara və karantin qaydalarına əməl etməyənlərə nə demək istərdiniz?
- COVID-19 - gözəgörünməz öldürücü düşməndir. O, bədəni sürətlə sıradan çıxaran dəhşətli xəstəlikdir. Vəziyyətimi xatırlayıram və qorxuya düşürəm! Hər kəs özü və sevdikləri üçün məsuliyyət daşımalıdır. Maska taxmaq və sosial məsafəni saxlamaq çətin deyil, bununla nə qədər insanın həyatını xilas etmək olar! Bunu yadınızda saxlayın və unutmayın!
Bölməyə aid digər xəbərlər