Həkim Elnarə Cəlilova: “Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır”

Azərbaycanda COVİD-19-la mübarizəyə getdikcə daha çox dar ixtisaslı həkimlər cəlb olunur. Beləliklə, növbə cərrah-oftalmoloq Elnarə Cəlilovaya da gəlib çatıb. O, pandemiyanın əvvəlindən etibarən yalnız COVİD-19 xəstələrini qəbul etməyə başlayan Mərkəzi Neftçilər Xəstəxanasında koronavirus xəstələrinin müalicəsinə qoşulub. 
Elnarə Cəlilova 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirib, həkim-oftalmoloq ixtisası üzrə təcrübə keçib, Mərkəzi Neftçilər Xəstəxanasında işləyir. Həkim Media.Az-a özünün pandemiya ilə mübarizədə iştirak etmək arzusu, həmçinin pandemiya xəstəxanadakı vəziyyət barədə danışıb.
“Xəstəxanamızın reanimatoloqları və infeksionistləri pandemiyanın ilk günlərindən istirahətsiz, aylarla ailələrini görmədən işləyirlər. Yüklərini bir az azaltmaq və imkan daxilində onlara kömək etmək üçün müxtəlif ixtisaslardan könüllü həkimlər cəlb olunub. 12 saatlıq növbəmizlə həmkarlarımızın güclərini bərpa etməsinə kömək edirik. Əlbəttə ki, bütün müalicə və manipulyasiyalar infeksionist və reanimatoloqlarla dəqiq razılaşdırılır. Müalicə təsdiq edilmiş protokollara əsasən aparılır. Müalicənin korreksiyası yanaşı xəstəliklər və xəstəliyin dərəcəsinə uyğun olaraq, hər bir xəstə üçün fərdidir”, - deyə, E.Cəlilova bildirib.
Onun sözlərinə görə, növbə zamanı həkimlər çoxlu maye qəbul edir, bəzilərinin yeməyə belə vaxtı olmur.
“Hər növbədə qoruyucu kostyumları iki dəfə dəyişirik. Onlarda işləmək çox narahatdır, ancaq insan istənilən şəraitə uyğunlaşa bilir. Həm həkim, həm də kiçik tibb işçilərinin çatışmazlığı hiss olunur. Növbəmiz iki həftə davam edəcək, sonra bizi koronavirus testi, karantin gözləyir və yalnız bundan sonra yaxınlarımızı görə bilərik. Burada işləyənlərə heyranam. Onlar əsl qəhrəmanlardır, çünki bu, çox ağır fiziki və mənəvi əməkdir”, - deyə, E.Cəlilova söyləyib.
O qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasında əsasən vəziyyəti orta-ağır olan xəstələr müalicə edilir. Xəstənin vəziyyətinin pisləşəcəyi halda dərhal reanimasiya tədbirləri görülür. COVİD-19-a yoluxan xəstələrin orta yaşı 50 ilə 65 arasındadır. Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır.
“Bu kateqoriyalı xəstələrlə işləməyin ən çətin tərəfi xəstəliyin gözlənilməz gedişatı və orqanizmin immun cavabıdır. Bu, həmişə olduqca fərdidir, diqqətli olmağı və xəstəyə tez-tez baş çəkməyi tələb edir ki, bu da tibbi personalın yoluxma riskini artırır”, - deyə, E.Cəlilova qeyd edib.
Həkim-oftalmoloq deyib ki, “qırmızı zona”ya daxil olan hər bir kəs yoluxa biləcəyini düşünür.
“Ancaq bu, hər zamankından daha çox dəstəyə və xüsusi yanaşmaya ehtiyac duyan xəstələrə yardım göstərməkdən imtina etmək üçün səbəb deyil. Mən koronavirus xəstələrinin müalicəsində yardıma daha erkən qoşulmaq istərdim, ancaq o zaman həkimlərin sayı kifayət edirdi və buna ehtiyac yox idi. Qəbuluma gəlmək istəyən pasiyentlər vəziyyətə anlayışla yanaşırlar. Təxirəsalınmaz hallar zamanı biz onları akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərə bilərik”, - həkim bildirib.
Koronavirus xəstələrinin qəbulu prosesindən danışan E.Cəlilova deyib ki, onlar yalnız təcili yardım maşınları ilə xəstəxanaya çatdırılırlar:
“Növbəni dəyişməzdən əvvəl xəstələrin vəziyyəti və boş çarpayıların sayı barədə hesabat veririk. Bu məlumat təcili yardıma daxil olur. Sağalaraq evə buraxılanların əvəzinə yeni xəstə gətirildikdə, səhhətindən asılı olaraq onu müvafiq şöbəyə təyin edirik”.
Pandemiya xəstəxanasının həkimi kimi E.Cəlilova oxuculara öz tövsiyələrini də verib.
“Çox sadə və asanlıqla yerinə yetiriləcək tövsiyələrdir. Əllərinizi mütəmadi olaraq yumalı, izdihamlı yerlərdə maska taxmalı və sosial məsafəni qorumalısınız. İndi bu qaydaları rədd etməyin vaxtı deyil. Hər kəsə öz sağlamlığı, yaxınlarının, xüsusən yaşlıların sağlamlıqları barədə düşünmələrini tövsiyə edirəm”, - deyə, Elnarə Cəlilova sözlərini yekunlaşdırıb.


Tarix: 9-07-2020, 17:28


Bölməyə aid digər xəbərlər