Mərkəzi Bank faiz qərarını açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilmişdir.
Mərkəzi Bankdan QanunXəbərə daxil olmuş açıqlamada bidirilir ki, bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilmişdir. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdənasılı olaraq qəbul ediləcəkdir.
İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri.
İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır. Zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0.2% azalmış, illik inflyasiya isə 2.8% təşkil etmişdir. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş vermişdir. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0.5% aşağı düşmüşdür. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməmişdir. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olmuşdur.
Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalmış, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməmişdir. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.
İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilmişdir. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olmuşdur. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3.2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.
Qlobal mühit və xarici sektor göstəriciləri.
Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonundabərpa prosesi çox ləng gedir.
Sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarındadalğalanmalar yenidən yüksəlmişdir.
Dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlmişdir.Avqustda brent markalı neftin orta qiyməti 45 ABŞdolları olduğu halda, sentyabrın ötən dövründə 42.1 ABŞ dollarına enmişdir. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbin davamlı bərpasına mane olur.
Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51.4 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0.6% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.7% artmışdır.
Monetar şərait.
Pandemiyanın davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir.
Pul bazası ilin əvvəlindən 1% azalsa da, iyulun sonundan 3% artmışdır. İlin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.
Bank sistemində izafi likvidlik şəraitində Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilməkdədir. Depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmaqdadır.
Real faiz dərəcələrinin pozitiv qalması şəraitində fiziki şəxslərin müddətli əmanətləri avqust ayında artmışdır. Kredit qoyuluşlarında da son ayda artım davam etmişdir.
Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam etmişdir. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcəkdir.
İqtisadi aktivlik.
Məhdudiyyətlərin nisbətən yumşalması ilə əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi nisbətən səngimişdir.Rəsmi statistikaya görə cari ildə qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun real azalmasının dib nöqtəsi2.5% (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1.7% olmuşdur.
Real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə olunmuşdur.
İlin qalan dövründə iqtisadi aktivlik kontr-tsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırılmış antiböhran tədbirləri ilə dəstəklənəcəkdir.
İnflyasiya riskləri.
Risklər balansına təsir edən başlıca amil pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır. Xarici risklərə əsasən COVİD-19-a ikinci yoluxma dalğası ehtimalının təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir. Bumeyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. Lakin mövcud kontrtsiklik makroiqtisadi çərçivə bu riskləri idarə etməyə əlavə imkanlar yaradır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcəkdir.
Bu qərar 18 sentyabr 2020-ci ildən qüvvəyə minir.
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci iloktyabr ayının 30-daictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
SON 6 İCLASDA UÇOT FAİZ DƏRƏCƏSİ 4 DƏFƏ AZALDILDI
2020-ci ildə Mərkəzi Bankın İdarə Heyətinin artıq 6 dəfə iclası keçirilib. 
31 Yanvar 2020-ci il tarixində keçirilmiş iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdi (9% və 5.5%).
19 mart 2020-ci il tarixində keçirilmiş iclasda isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdı. Mərkəzi Bank inflyasiya risklərinə görə uçot dərəcəsini dəyişməz saxlamışdı.
1 May 2020-ci il tarixində isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilmişdir.
19 İyun 2020-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilmişdir.
30 iyul 2020-ci il tarixində isə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 7.25% səviyyəsində müəyyən edilmişdir.
18 Sentyabr 2020-ci il tarixində keçirilmiş iclasda İdarə Heyəti uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul etmişdir.  
UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?
Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması pul bazarında real faiz dərəcələrinə təsir edir. Aşağı faiz milli valyutada yığımları (əmanət yerləşdirməyi) deyil, xərcləməyi stimullaşdırır.
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.


Tarix: 18-09-2020, 16:08


Bölməyə aid digər xəbərlər