16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti təcavüz aktı törədən, dinc mülki əhalini, mülki obyektləri hədəfə alan Ermənistan beynəlxalq münasibətlərdə ümumiyyətlə qəbul olunmayan davranış nümayiş etdirərək, yenə də öz cinayətkar fəaliyyəti ilə dünyanın diqqətini cəlb edib.
Azərbaycanın beynəlxalq uğurları fonunda dünya siyasətinin və beynəlxalq diplomatiyanın küncünə sıxışdırılan Ermənistanın hakimiyyət dairələri daxili siyasətdə ucuz imtiyazlar əldə etmək üçün sülhə və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradıblar. 
İşğalçı ölkənin yeni qarşıdurma nöqtəsi yaratmaq cəhdi beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ probleminin həllindən başqa səmtə yönəldilməsinə xidmət edir. Düşmənin məkrli planının digər məqsədi - münaqişənin beynəlmiləlləşməsini təmin etmək və silahlı qarşıdurmaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etməkdən ibarət olub.
Təbii ki, Ermənistanın belə bir addımı heç bir nəticə vermədi. KTMT-ın altı üzvündən üçü sərhəddəki təxribata öz münasibətlərini sərt şəkildə iştirakçısı olduğu beynəlxalq təşkilatlar çərçivəsində bildiriblər: Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvləri olaraq, Belarus isə Qoşulmama Hərəkatına daxil olan dövlət kimi Azərbaycanın haqlı mövqeyini birmənalı olaraq dəstəkləyiblər.
Bu məsələ ilə bağlı bir mühüm hüquqi məqamı xatırlatmaq faydalı olar. 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsinin 1-ci maddəsinə uyğun olaraq, “İştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etməkdən və güc təhdidindən çəkinmək öhdəliyini bir daha təsdiq edirlər.
Onlar öz aralarında və digər dövlətlərlə bütün mübahisələri dinc yolla həll etməyi öhdələrinə götürürlər”. Sonuncu müddəa faktiki olaraq BMT-nin Nizamnaməsinin 2-ci maddəsinin 3-cü və 4-cü bəndlərini təkrarlayaraq, beynəlxalq səviyyədə qəbul olunmuş universal yanaşmanı regional xarakterli sənədə implementasiya edibdir. Görəsən, Ermənistan hakimiyyətinin, ümumiyyətlə, imzaladığı beynəlxalq sənədlərdən xəbəri varmı? Yoxsa beynəlxalq razılaşmalar bu ölkə üçün sadə kağız parçasıdır?
İşğalçı dövlətin davranışı, ümumiyyətlə, Ermənistanın beynəlxalq hüquqa etinasız münasibətinin “parlaq” nümunəsidir. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının iştirakçısı olan Ermənistan beynəlxalq humanitar hüququn normativ əsasını təşkil edən müqavilələrin müddəalarını kobud surətdə pozaraq, ən ağır beynəlxalq cinayətlər sırasında yer alan müharibə cinayətləri törədib.
Əlbəttə ki, yaranmış vəziyyətdə gözləmək olardı ki, beynəlxalq təşkilatlar və ayrı-ayrı qurumlar sivil dövlətlər tərəfindən qəbul olunan qaydalara riayət etməyən Ermənistanı yekdilliklə qınayacaqlar. Həqiqətən də, bir sıra dövlətlər və beynəlxalq qurumlar bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətlərini ifadə edərək, məhz belə mövqe nümayiş etdirdilər.
Məsələn, qardaş Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi 12 iyul tarixli bəyanatında erməni silahlı birləşmələrinin Tovuz rayonuna hücumu qətiyyətlə qınayıb. Həmçinin, Bəyanatda qeyd olunub ki, Ermənistanın törətdiyi təcavüzü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcəkdir.
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan sərhədində yaranmış gərginliklə bağlı yaydığı rəsmi bəyanatda “münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll edilməsinə tərəfdar” olduğunu bildirib.
Beynəlxalq təşkilatlar da erməni təxribatına biganə qalmayıblar - Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM təşkilatı Ermənistanın sərhəddəki hərbi toqquşmaya səbəb olan hərəkətlərini qətiyyətlə qınayan bəyanatlarla çıxış edib.
Eyni zamanda, bəzi dövlətlərin və beynəlxalq strukturların qətiyyətli mövqe nümayiş etdirmək əvəzinə münaqişənin hər iki tərəfinə deklarativ çağırışlarla kifayətlənməsi təəssüf hissi doğurur.
Burada xatırlatmaq yerinə düşər ki, bu ilin 23 mart tarixində BMT-nin Baş katibi bütün hərbi əməliyyatları dayandırmaq və planetimizin ümumi düşmənı – COVID-19-la mübarizədə dövlətlərin imkanlarını səfərbər edərək, beynəlxalq həmrəyliyə nail olmaq üçün müvafiq müraciətlə çıxış edib. 
Baş katib xüsusi olaraq vurğulayıb ki, çağdaş dünya mərhəmət bilməyən, milliyyətə, etnik mənsubiyyətə və inanca əhəmiyyət verməyən düşmənlə üz-üzə gəlib. Belə bir şəraitdə hərbi münaqişələrin baş alıb getməsindən ilk növbədə ən həssas qruplar – qadınlar və uşaqlar, əlilliyi olan şəxslər və köçkünlər əziyyət çəkir, və eyni zamanda onlar ilk növbədə COVID-19-un qurbanları olurlar. Baş katib silahlı münaqişələrə “karantin” elan etmək və bütün qüvvələri pandemiya ilə mübarizəyə səfərbər etmək zamanının gəldiyini xüsusi olaraq qeyd edib.
Əlbəttə ki, Ermənistanın hətta koronavirus pandemiyası dövründə işğalçi siyasət yürütməsi, mövcud vəziyyəti gərginləşdirməsi təəccüblü deyil. Uzun illərdən bəri aqressiv militarist davranışı ilə fərqlənən, Azərbaycan torpaqlarını işğal edən, dinc mülki əhaliyə qarşı etnik təmizləmələr, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədən bir dövlətdən bəşəriyyət üçün çətin bir dövrdə başqa davranış gözləmək olmaz. 
Ancaq bizi maraqlandıran əhəmiyyətli məsələlərdən biri ondan ibarətdir ki, nəyə görə hər iki tərəfə müraciət edilərək, destruktiv hərəkətlərə yol vermiş işğalçı dövlətlə işğalın qurbanı olan dövlət biri-birindən fərqləndirilmir?
Ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əleyhinə silahlı basqın dövründə Azərbaycan deyil, ilk növbədə işğalçı Ermənistan, bəzi çağırışlarda səsləndiyi kimi, “hərbi əməliyatları dayandırmalı və vəziyyətin həlli istiqamətində zəruri addımlar atmalıdır”.
Azərbaycan Respublikası təxribatçı dövlətin silahlı basqınına cavab vermək məcburiyyətində qalaraq, beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququndan istifadə edib.
Yaranmış vəziyyətdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını öz üzərinə götürən Minsk Qrupunun həmsədrləri hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirməlidirlər.
Bu cür mövqe həmsədr dövlətlərin nümayəndə heyətləri tərəfindən Dağlıq Qarabağla əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul olunması prosesində öz əksini tapıb. Hər dörd qətnamədə (822, 853, 874, 884) Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təsdiq edilmiş, həmçinin, ərazilərin əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi xüsusi vurğulanıb.
Bu baxımdan hər bir beynəlxalq təşkilatdan və ayrı-ayrı dövlətlərdən yalnız bir şey tələb olunur: mövcud münaqişəyə yanaşmada beynəlxalq hüququn fundamental prinsiplərindən irəli gələn mövqeyi nümayiş etdirmək, sərhəddə təxribat törədən Ermənistanın hərəkətlərinə düzgün hüquqi və siyasi qiymət vermək.      
Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru


Tarix: 22-07-2020, 19:42


Bölməyə aid digər xəbərlər