Məcburi köçkünlərin dözülməz həyat şəraiti: “Pəncərəsi olmayan yerdə, nəmişlik içərisində yaşayırıq” - VİDEO

“Neçə illərdir pəncərəsi olmayan bu  dörd divarda, nəmişlik içərisində yaşayırıq. İki uşaq anasıyam. Uşaqlarım şəraitsiz, anti-sanitar yerdə yaşamaqdan xəstəlik tapıb. Həkimlər vərəq-vərəq dərman yazırlar. Nə paltarlarını ala bilirəm, nə dərmanlarını. Evimdə iki əsgər böyüdürəm. İkisi də gözümün qarşısında əriyib gedir. Xahiş edirik, bizə kömək edin”.
Bu sözləri Oxu.Az-ın redaksiyasına müraciət edən, Kəlbəcərdən olan məcburi köçkün ailələrindən biri deyib.
Söhbət Abşeron rayonu Xırdalan şəhəri yaxınlığında, Hökməli dairəsindən Müşfiqabaq yoluna keçəndə 300 metr aralıda yerləşən yaşayış məntəqəsindən gedir.
1993-cü ildən beton və kərpic zavodunun həyətində məskunlaşan sakinlərdən biri də Şərqiyeva Sabirədir. O deyir ki, yoldaşı 1993-cü ildən bu zavodun köhnə həyətində qalır:
“2007-ci ildə ailə qurduqdan sonra bura gəlmişəm. Məcburi köçkünlərin əksəriyyəti burada məskunlaşıb. Zavodun köhnə tualetini özünə bir otaq eləyib yaşayan, vaqonda yaşayan, maşın yuyulan yerdə yaşayan ailələr var. Biz ailədə dörd nəfərik. Yoldaşım fəhlədir. Pəncərəsiz, dörddivarın içərisini ev bilib yaşayırıq. Ev dediyim zavodun həyətində köhnə maşın yuyulan yer olub. Tualet yox, mətbəx yox. Natəmizlik, şəraitsizlik şəraitində illərdir dözürük. Biz tab gətirsək də, uşaqlarımız dözə bilmir. Biri səkkiz, digəri 10 yaşında iki oğlum var. İkisinin də nəmişlikdən böyrəklərində xəstəlik yaranıb. Süfrəyə yemək qoyub yeyə bilmirik. Zavod işləyir, bütün hiss, toz-torpaq yediyimiz yeməyin, içdiyimiz suyun içində gedir canımıza. Mən anayam, uşaqlarım gözlərimin önünüdə əriyib gedir, dözə bilmirəm. Heç kim bizə kömək etmir”.
S.Şərqiyə həmçinin deyib ki, zavodun həyətində yaşayan ailələrin heç birinin dolanışığı yoxdur: “Cavan-cavan ailələrdi, hamısının uşaqları xəstəlik tapıb. Normal qidalana bilmirlər. Paltar tapa bilmirlər. İnanırsız ki mən özüm məscidlərdən ölən insanların paltarlarını götürüb geyinirəm. İmkanım yoxdur. Uşaqlarımı da güc-bəla dolandırıram. Camaata yalvarıram ki, bir tikə çörək versinlər, uşaqlarım ac qalmasın. Kənardan yardım edən insanlardan Allah razı olsun. Amma bu da bir dəfə, iki dəfə olur. Hamının vəziyyəti ağırdır.
Karantinə görə yoldaşım neçə aydır işləmir. Köhnə pal-paltara baxma, heç kim aptekdən mənə uşağımın dərmanların alıb vermir axı. Oğlumun belində xəstəlik var, həkim karset taxmalıdır deyir. Karset də 200 manatdır. Neçə dəfə işsizliyə görə müraciət etmişəm, baxmayıblar. Hər şeyə dözmək olur, amma uşağın xəstə olmasına hansı valideyn dözər? Yoldaşım fəhlə adamdır, iş yoxdur ki beş-üç manat qazansın, dərmanların beşin ala bilməsək də, birini alaq. 190 manat birdəfəlik yardım üçün müraciət etdik, imtina cavabı aldıq. Burada yaşayan heç bir ailəyə verilmədi, hamımıza imtina cavabı gəldi. Bilmirik dərdimizi hara deyək”.
[video=]


Tarix: 12-07-2020, 15:20


Bölməyə aid digər xəbərlər