Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər.
Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.
Festival çərçivəsində Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları da alqışlarla qarşılandı.
Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşdı.
Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söylədi.
x x x
Qeyd edək ki, mayın 12-də - “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir.
Bölməyə aid digər xəbərlər