16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Yeni iqtisadi dövrün başlanması və stratifikasiyası

İqtisadi sistemin transformasiyası ilə bazar iqtisadiyyatına keçid Azərbaycan üçün bir qədər çətin və mürəkkəb olub. Buna səbəb ölkəmizin müharibə şəraitində olması, müstəqilliyin ilk illərində hakimiyyət uğrunda gedən mübarizə, müvafiq investisiya mühitinin olmaması, qaçqın və köçkün kimi problemlərin olması idi. Belə bir şəraitdə bazar iqtisadi sisteminə keçidi reallaşdırmaq üçün onun elmi əsaslarını, konsepsiyalarını, bu dövrü keçən ölkələrin təcrübəsini öyrənməklə yanaşı Azərbaycanın milli xüsüsiyyətlərinin, iqtisadi potensialının nəzərə alınması da vacib idi. Dünyanın iqtisadçı alimləri elmi tədqiqatlar nəticəsində bazar iqtisadiyyatına keçidin əsas konsepsiyalarını müəyyənləşdirməklə bərabər öz-özünü tənzimləyən bazar iqtisadiyyatının dövlət tərəfindən də tənzimlənməsinin vacibliyini göstəriblər.
Keçid dövrünün əsas konsepsiyaları çoxmülkiyyətli iqtisadiyyat, bazarda əmtəə və xidmətə olan tələbin təkliflə ödənilməsi, azad rəqabət, dövlət mülkiyyətində istehsal olunan əmtəə və göstərilən xidmət istisna olmaqla qiymətlərin liberallaşdırılması və iqtisadiyyatın dövlət tənzimlənməsidir. 
2003-cu illdən bu günə kimi dövrü əhatə edən yeni dayanıqlı və sürətli, dinamik inkişaf dövrü Prezident İlham Əliyevin idarəçilik məharəti ilə bağlıdır. Bu dövrdə regionların inkişafına, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və infrastruktur təminatına aid çoxsaylı Dövlət Proqramları həyata keçirilib və əhalinin sosial təminatının artırılması prioritet məsələ hesab edildiyindən çoxşaxəli, davamlı iqtisadiyyat və sürətli inkişaf təmin edilib.
Sosial-iqtisadi inkişafda əldə olunan naliyyətlər bütün sahələrdə olduğu kimi, təhsil, elm və mədəniyyət sahəsində də təsirini göstərib. Ölkədə keçid dövrünün yüksək nailiyyətlərlə başa çatması sənaye, insan, təbii sərvətlər amili ilə bağlıdır.
Müstəqilliyin ilk illərində sənaye amili xüsusi prioritet məsələ idi. Ulu öndər Heydər Əliyev sənayenin inkişaf etdirilməsinin bilavasitə neft strategiyasının reallaşması ilə əlaqədar olduğunu göstərmişdi. “Əsrin müqaviləsi” və digər beynəlxalq neft müqavilələrinin bağlanması ölkəyə xarici investisiyanın cəlb edilməsinə, valyuta ehtiyatının toplanmasına şərait yaratdı ki, bu da insan və təbii sərvətlərdən səmərəli istifadə üçün maliyyə bazası yaratdı. Qloballaşma dövründə elmi-texniki tərəqqi intensiv inkişafda daha çox prioritet mövqe tutduğundan insan amilinin də mövcud dövrə uyğun dəyişməsi vacib, təhsil, elm, intellektual səviyyənin artırılması zəruri idi.
Prezident İlham Əliyev “neft kapitalı”nı “insan kapitalı”na çevirmək kimi həyati məna kəsb edən və yüksəlişin tərənnümü olan bu şüarı yerinə yetirmək üçün bir çox işlər görmüş, bu sahədə qanun, sərəncam və Dövlət proqramları qəbul edilmişdir. Elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elm məkanında  Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədilə Prezident yanında Elmin İnkişafı Fondu yaradılmışdır.  
Azərbaycanda son illərdə həyata keçirilən sürətli, çoxşaxəli və dayanıqlı iqtisadi yüksəliş elm sahəsində də eyni yüksək inkişaf tempini tələb edir. Artıq ölkəmiz keçid dövrünü başa vuraraq yeni iqtisadi dövrə qədəm qoymuşdur.
Azərbaycan dünyanın müsəlman respublikalarından biri olduğu üçün bir neçə beynəlxalq islam təşkilatlarına da üzv olmuşdur. Bunlardan ən nüfuzlusu və daha çox iştirakçı üzv ölkələrin sayına görə bütün islam dünyası ölkələrini (28 ölkə) özündə birləşdirən İslam Konfransı Təşkilatıdır (İKT). İslam Konfransı Təşkilatı müstəqillik əldə etdikdən sonra Azərbaycanın inteqrasiya olunduğu ilk regional səviyyəli təşkilatdır. 
İslam İnkişaf Bankı İslam Həmrəylik Fondu ilə Azərbaycan Respublikasının millli iqtisadiyyatının üç müxtəlif sahəsinə investisiya vəsaitləri və kapital qoyuluşları yatırmışlar. Belə ki, həmin xarici kapital və investisiya vəsaitləri kənd təsərrüfatının inkişafı üçün əsasən meliorasiya və su təsərrüfatı sahəsinə yönəldilmişdir. 
Əgər XX əsrin əvvəllərində Azərbaycan bir neçə yaxın ölkəyə balıq, kürü, neft və ipək çıxarırdısa, hazırda Azərbaycan dünyanın çox ölkəsi ilə ticarət edir. 
Azərbaycan xarici ölkələrə neft, neft məhsulları və avadanlıqlar, pambıq lifi, tütün, spirtli içkilər (şərab), soyuducu və kondisionerlər, əlvan metallar və kimya məhsulları göndərir, əvəzində isə ərzaq məhsulları (yağ, un, şəkər, taxıl, sitrus meyvələr), avtomobil və sənaye avadanlıqları, metal və meşə materialları, yüngül sənaye malları (parça, paltar, ayaqqabı), mineral gübrə və məişət əşyaları alır.
Azərbaycan gələcəkdə xammal əvəzinə daha çox hazır sənaye məhsulları ixrac etməyi planlaşdırır.
Obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. Artıq Azərbaycan yeni iqtisadi inkişaf dinamikasını həyata keçirir, işğaldan azad edilmiş ərazilərdə bir çox sahələr üzrə iqtisadiyyatın inkişaf etdirilməsi üçün əlverişli şərait var. Bu mənada Azərbaycan iqtisadiyyatının şəffaflığı və bu sahənin liberallaşması, eləcə də milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir.

Gülər Babayeva
Arbatan kənd sakini, müəllim


Tarix: 7-06-2021, 10:13


Bölməyə aid digər xəbərlər