Ölkəmizdə aparılan uğurlu siyasət milli iqtisadiyyatımızın davamlı yüksəlişini təmin edir


Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilmiş və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunmuşdur. Ölkə iqtisadiyyatında əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə-modernləşmə mərhələsinə qədəm qoymuşdur. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Azərbaycanda illərdir sistemli şəkildə görülən işlər və aparılan siyasət milli iqtisadiyyatımızın   davamlı yüksəlişini təmin edir, dünya təsərrüfat sisteminin iqtisadi reqlamentinin daxilən mənimsənilməsinə böyük təkan verir. 
Şərqlə-Qərbin qovşağında yerləşən və əlverişli, unikal coğrafi mövqeyə malik olan ölkəmiz dünya iqtisadiyyatında baş vermiş proseslərdən kənarda qalmamış, malik olduğu böyük iqtisadi potensialı dünya ölkələrinin həmişə marağında olmuş və səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə zəmin yaratmışdır. Hər bir ölkə iqtisadiyyatının kompleks inkişafı məhsuldarlığın artması, istehsalın səmərəliliyinin yüksəldilməsi və güclü infrastrukturun olması ilə sıx bağlıdır. Dünya təcrübəsi göstərir ki, sərbəst bazar iqtisadiyyatı şəraitində istehsal və sosial infrastrukturların rolu və əhəmiyyəti daha da artmaqdadır.
Ölkəmiz Qafqaz regionunda  strateji, geoiqtisadi, geosiyasi mövqeyinə görə ən  əhəmiyyətli rola malikdir. İqtisadi  potensialının düzgün istifadəsi nəticəsində qeyri-neft sektorunun  prioritet   sahə kimi qəbul  edilərək bu sahədə prezident cənab İlham Əliyev  tərəfindən həyata  keçirilən  islahatlar və təkmilləşmə işləri nəticə etibarı ilə Azərbaycan Respublikasını istər regional, istərsə də beynəlxalq səviyyədə inkişaf tempinin müsbət  dinamikası ilə fərqlənən dövlətlərdən birinə çevirmişdir. Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Bu gün iqtisadi müasir rəqəmsal dünyanın tələblərinə  cavab verən yüksək texnologiya və avadanlıqlarla təchiz edilmiş infrastrukturların  ölkəmizdə yaradılması bir daha Azərbaycanın iqtisadi  güc və potensialını regionda  və  həmçinin Dünya iqtisadi arenasında nümayiş etdirir və  Ölkə iqtisadiyyatının gələcəkdə daha böyük uğurlara  imza  atacağından   xəbər verir.

Sevinc Axundova, 
Salyan rayon sakini, müəllim


Tarix: 7-06-2021, 10:14


Bölməyə aid digər xəbərlər