Azarkeşlər dekabrın 14-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İsveçin “Hekken” komandaları arasında keçiriləcək oyuna gələrkən, əsasən, ictimai nəqliyyata üstünlük versinlər.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu ictimai nəqliyyat üçün əlverişlidir.
“Ərazidə metronun “Gənclik” stansiyasının olması və avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər.
Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara mane törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika Stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.
Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - deyə DYP rəsmisi bildirib.
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq.
Bölməyə aid digər xəbərlər