2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
S.Məmmədov qeyd edib ki, Prezidentin Sərəncamları ilə 2023-cü ildə Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
O, həmçinin vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yeniləyib:
“Milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir və Agentlik bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışır”.
Bölməyə aid digər xəbərlər