Telefon və kompüter istifadəsindən sonra göz təzyiq qalxır - XƏBƏRDARLIQ

Telefon və kompüter istifadəsindən sonra göz təzyiq qalxır - XƏBƏRDARLIQ

Telefon, planşet, kompüter istifadəsindən sonra gözlərdə təzyiq qalxır, lakin istifadəni dayandırdıqdan sonra təzyiq normallaşır. Buna görə elektron vasitələrdən istifadənin qlaukomaya səbəb olduğunu demək doğru olmaz.


Bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu Cəmil Həsənov deyib.

 

Onun sözlərinə görə, lakin uzun müddət telefon, planşet, kompüterdən istifadə gözlərdə zəifliyə səbəb ola bilər ki, bu da gələcəkdə qlaukoma üçün risk yaradan faktora çevrilə bilər.


Həkimin sözlərinə görə, qlaukomaya bütün yaş qruplarında rast gəlinə bilər. Lakin adətən 50-55 yaşdan yuxarı insanlarda gözdaxili təzyiqin qalxması müşahidə edilir və xəstəlik də həmin şəxslərdə müşahidə edilir.


Həkim deyib ki, qlaukomanın müalicəsində əsas olan gözdaxili təzyiqin normaya salınmasıdır:


“Bunu istər əməliyyat, istərsə də müalicə ilə etmək mümkündür. Bundan sonra xəstə daim həkim nəzarətində olmalıdır”.


Gözdaxili təzyiqin qalxmasının səbəbləri ilə bağlı sualı cavablandıran həkim bildirib ki, burada əsas faktor yaş və genetikadır:


“Əgər ana-atada bu hal müşahidə edilibsə, həmin şəxslərdə də bu xəstəliyin yaranma ehtimalı var. Valideynlər arasında qohum evliliyi olubsa, bu ehtimal daha yüksək olur”.


“Buynuz qişanın qalınlığı da vacib amildir. Uzağı zəif görənlər gözlərini əməliyyat etdiriblərsə, həkim müayinəsində olarkən bunu bildirmələri tövsiyə edilir”, - deyə həkim qeyd edib.


Həkim bildirib ki, xəstəliyin aşkarlanması üçün göz təzyiqi, gözün buynuz qişası ölçülür, həmçinin göz dibi müayinə edilir.


Oftalmoloq qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 70 milyon insan qlaukomadan əziyyət çəkir.


O bildirib ki, bu insanlardan 7 milyonu zəif görmədən əziyyət çəkir, 3 milyondan çox insan isə görmə qabiliyyətini itirib.


“Bu xəstəlikdən əziyyət çəkənlərin sayı dünyada, o cümlədən də ölkəmizdə ilbəil artır”, - deyə həkim qeyd edib.



Tarix: 13-03-2024, 16:19


Bölməyə aid digər xəbərlər