Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisiyə səfər edəcək avropalı nümayəndə heyəti ilə görüşməyəcək.
“Mən onlara indi səfər üçün heç də yaxşı vaxt olmadığını dedim, çünki “Xarici agentlər haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi olacaq. Səfərin bu müzakirələrdən sonra baş tutması daha yaxşı olardı. Təəssüflər olsun ki, onlar mənim tövsiyəmi nəzərə almadılar”, - deyə Papuaşvili qeyd edib.
Qeyd edək ki, mayın 13-14-də Almaniya, Polşa, Çexiya və Baltikyanı ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin sədrləri Tbilisiyə səfər edəcəklər.
Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda, mayın 1-də isə ikinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb. Qanun layihəsi yaxın günlərdə üçüncü oxunuşda müzakirə ediləcək.(Sputnik Gürcüstan)
Bölməyə aid digər xəbərlər