Xəbər verdiyimiz kimi, Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində 8 nəfər Rusiyaya təhvil verilib. Moskvanın Vnukovo hava limanında Rusiya Prezidenti Vladimir Putin onları şəxsən qarşılayıb və söhbət edib.
Mübadilə prosesi çərçivəsində Rusiyaya qaytarılanlar arasında Qərbdə Rusiya xeyrinə casusluqda ittiham olunan Anna və Artyom Dultsevlər də var. Putinin cütlüyün uşaqları ilə ispanca danışması müzakirələrə səbəb olub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının bu hərəkətini həmin uşaqların rusiyalı olmalarından xəbərsiz olduqları ilə əsaslandırıb:
“Dünən gələn qeyri-leqal kəşfiyyatçıların övladları özlərinin rus olduqlarını ancaq təyyarə Ankaradan havaya qalxan zaman öyrəniblər. Bu zamana qədər onlar rus olduqlarını və bizim ölkəmizə bağlı olduqlarını bilmirdilər. Buna görə də geri qayıdan rusları Vnukovo hava limanında qarşılayan Vladimir Putin onları ispan dilində qarşılayıb.
Uşaqlar valideynlərindən onları qarşılayan şəxsin kim olduğunu soruşurdular. Onlar, hətta Putinin kim olduğunu belə bilmirdilər. Bax qeyri-qanuni immiqrantlar belə işləyirlər və öz işləri və işlərinə sadiqlikləri üçün bu cür fədakarlıqlar edirlər”.
Qeyd edək ki, Anna və Artyom Dultsevlər 2017-ci ildə Sloveniyaya Argentina pasportları ilə Maria Mayer-Munos və Lüdviq Qiş adı altında gediblər.
Lyublyana şəhərində İT şirkəti açan cütlük bəzi Avropa ölkələri ilə bağlı kəşfiyyat materialları toplayıblar. Sloveniya xüsusi xidmət orqanları ikilini araşdıran zaman onların Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları olduğu qənaətinə gəlib. Annanın Nijni Novqoroddan, Artyomun isə Başqırdıstandan olması ortaya çıxıb. Dultsevlər 2022-ci ildə həbs edilib, uşaqları isə himayədarlığa verilib. Casusluqda ittiham olunan Anna və Artyomu 8 ilə qədər həbs cəzası gözləyib. Onlar artıq cəzalarının 1 il 7 ayını çəkiblər. Cütlük avqustun 1-də oğlu və qızı ilə birlikdə Rusiyaya qayıdıb.
Bölməyə aid digər xəbərlər