Slovakiyaya rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə birlikdə bu ölkənin müdafiə sənayesi şirkətlərini və hərbi təlim mərkəzini ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə hərbi şirkətlərin fəaliyyəti, istehsal olunan silah və hərbi təyinatlı məhsullar barədə brifinqlər təqdim olunduqdan sonra ölkələr arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Elə həmin gün Azərbaycan nümayəndə heyəti Zahorie Hərbi-Texniki və Hərbi Sınaq İnstitutu və Slovakiya Müdafiə Nazirliyinin "Leşt" Təlim Mərkəzində olub.
Azərbaycan nümayəndə heyətinə institutun fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra silahlanmada olan hərbi texnika nümayiş etdirilib.
Sonra "Leşt" hərbi təlim mərkəzinin fəaliyyəti barədə məlumat verilib, təhlükəsizlik məsələləri müzakirə olunub, Slovakiya Silahlı Qüvvələrinin inkişafına dair brifinq təqdim edilib.
Bölməyə aid digər xəbərlər