Ermənistanı xilas etməyə çalışan ikiüzlülər...

“Sorosun siyasi layihəsi” olduğu məşhuri-cahan olan Nikol Paşinyanın Ermənistanda 2 il içində qurduğu diktatura rejiminin guya demokratikliyinə dair aldadıcı, çaşdırıcı, ört-basdıredici cəhdlər, imkanlar, demək olar, sıfırlanmaq üzrədir. “Demokrat rəhbər” onu, öz ölkəsini fəlakətə məhkum etməkdə ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər təşkil edir.
Əlbəttə, müxalifətli-iqtidarlı Ermənistan ictimai-siyasi sistemi hələlik normal qonşuluq, birgəyaşayış mənəvi dəyərlərindən çox uzaqdır, lakin mövzumuz bu deyil. Mövzu odur ki Qərb siyasi dairələri uzun müddət, 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı isə “demokratik lider” kimi təqdim edirdi. Budur, inqilabın üstündən az keçmiş Azərbaycan tərəfinə məlum olan həqiqət artıq bütün parametrlər üzrə, böyük miqyasda görünməkdə, bilinməkdə və etirafını gözləməkdədir. Biz deyirdik ki demokratlıqla işğalçılığı möhkəmləndirmək bir-biri ilə uzlaşmır; biz deyirdik ki, Paşinyan öz diktator sələflərindən fərqlənmir (fərqlənirsə də, daha mənfi planda fərqlənir)... Necə deyərlər, biz deyirdik, biz eşidirdik... Budur, indi işğalçı zehniyyətli “guya demokrat” Paşinyanın əsl sifəti təkzibedilməz şəkildə ortadadır və Qərb siyasi dairələri, dünya erməniliyi, erməniyanlılar nə etirafda buluna bilir, nə ört-basdır edə bilir. Müharibə zonasından uzaq Gəncədə, Bərdədə, digər şəhər-rayonlarımızda körpələrin, uşaqların, qadınların, qocaların həyatına şəxsən Paşinyanın təlimatı ilə atılan kassetli raketlərlə son qoyulduğunu görməzdəngələnlər, rəsmi İrəvanın öz xalqına qarşı faktiki diktaturasına nə deyəcək, görəsən?
Bu gün Ermənistanda demokratiyanın özü dəfn olunub, işartısı da qalmayıb; paytaxt İrəvan başda olmaqla, ölkə kriminal şəxslərin, neofaşistlərin yuvasına çevrilib. İndi təsəvür edin, əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, Qərb ölkələrində bu barədə bəyanat verməyən insan hüquqları təşkilatı qalardımı? Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi, sıradan çıxarılması Qərbdə susqunluqla qarşılanmaqdadır. Sövq-təbii sual yaranır: Bu ikili standartın səbəbi nədir və nə vaxtacan davam edəcək?! Bəlkə bu sualı ritorik sual da saymaq olar, çünki ikili standartlardan – (təsadüfən deyil, yaxud tendensiyalı şəkildə deyil) məqsədyönlü ikili standartlardan uzun illər boyu əziyyət çəkmiş bir ölkəyik. Bizdəki hər hansı bir siyasi hadisədən xoşlanmayan maraqlı dairələr bəyanatı, hədəni ard-arda düzsə də, eyni məzmunlu hadisə Ermənistanda daha şiddətli şəkildə olunca, siyasətən kor, lal və kara dönürlər...
Çox uzağa getməyək, elə bugünlərdə, Prezident İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs olunması barədə sual verənlər (ümumiyyətlə Qərb mediası) Ermənistandakı kütləvi həbsləri, təqibləri nə üçün “görmür”, nə üçün heç nə baş verməmiş kimi davranır və Paşinyana heç bir sual ünvanlamır?
Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı xarici mediada illərdir hədyan yazanların, bunu sifariş edənlərin əsl “kimliy”i, “sima”sı bu gün düzün ortasındadır... Onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edir, Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirir. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, habelə Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin bəzi hakim dairələrinin həqiqi simasını, mahiyyətini (mahiyyətsizliyini) aydın əks etdirir.
Hakimiyyətdə olduğu 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri və parlament üzvünü bu gün də həbsdə saxlayan Paşinyanın bu davranışı yenə Qərb dairələrini “rahatsız etmədi”...
Siyasi eyibləri, günahları, etdiyi insanlıq suçları görməzliyə vurulan Paşinyanın hakimiyyətə gəlişinin hələ 7-ci ayında siyasi motivlərlə həbsə atılmış “haynews.am” saytının məsul əməkdaşı Miger Yegiazaryanın aclıq aksiyası keçirərək həbsxanada ölməsi nə tez unduldu? – Qərb dairələri Paşinyan iqtidarının bu cinayətinə nə üçün göz yumdu? Axı Miger azərbaycanlı deyildi, türk deyildi, müsəlman deyildi... Deməli, öz siyasi layihələrini hər cür xətadan-bəladan arındırmaqla görəvli olanlar var meydanda...
Belə bir cəzasızlıq mühiti daha böyük cinayətlərə yol açıb və xüsusilə 2020-ci ilin iyulundan bəri Paşinyanın cinayətləri sırasına hərbi cinayətlər də əlavə olunub. Paşinyanın iyul, avqust aylarında və özəlliklə, 27 sentyabrdan sonrakı 44 gün içində Azərbaycana qarşı etdikləri müharibə suçudur, hərb cinayətidir, insanlıq ayıbıdır...
Sözümə sadə bir fakt əlavə edim: müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olundu və ölkədən çıxarıldı. Bunun qarşılığında beynəlxalq jurnalist təşkilatları nə etdi? – “müdrikcəsinə” susdular...
Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürməkçün repressiyalara başlayıb – amansız repressiyaya! Təsəvvür edin, müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda həbs edilən müxalifət liderlərinin sayı 10-u keçib... Bu azmış kimi, Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid və ya təkzib edən, mübahisələndirən mövqelərin dərc edilməsi və yayımlanması qadağan edilib. Hətta bələdiyyələri belə tənqidə görə 1200 avrodan başlayan cərimələr tətbiq olunub.
Beləliklə, hazırda bölgədə yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onun cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyır.
Biz öncələr də yazmışdıq, Ermənistanda Ermənistanlılıq qalmamalıdır deyə... Bu işi indi demokrat görüntülü diktator Paşinyan özü həyata keçirir. Əlbəttə, Azərbaycan Dəmir Yumruğundan aldığı zərbələrin nəticəvi müşayiəti ilə...
DÖVLƏTİMİZ VAR OLSUN!
Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri


Tarix: 14-11-2020, 16:37


Bölməyə aid digər xəbərlər