“Qarabağdakı sülhməramlılarının məramı ermənilərin tam məğlubiyyətinin qarşısını almaqdır”

“Rusiya postsovet məkanındakı bütün hərbi münaqişələrdə birbaşa iştirakçıdır. Tərəflərdən birinin yanında hərbi və ya siyasi mövcudluğu mütləq var”.

QanunXəbər.com  xəbər verir ki, bu sözləri siyasi şərhçi Nəsimi Məmmədli Rusiyanın ermənilərə qarşı belə qayğıkeş davranmasının qarşılığında gələcək üçün hansı planlar qurduğunu şərh edərkən söyləyib.

“Rusiya bu davranışı ilə guya sərhədlərinə yaxın ərazilərdə öz siyasi və təhlükəsizlik maraqlarını qoruduğunu iddia etsə də, əslində qonşularına təcavüz edir. Onların müstəqil daxili və xarici siyasət yürütməsinə əngəl olmağa çalışır. Qarabağın dağlıq hissəsindəki “sülhməramlı” fəaliyyəti də mahiyyətcə növbəti hərbi müdaxilədir”.

N.Məmmdəlinin sözlərinə görə, Rusiya Qarabağda 44 günlük müharibədə Azərbaycanın tam və qəti qələbəsinin, Ermənistanın isə tamamilə məğlub olmasının qarşısını almaq üçün hərəkətə keçdi:

“Faktiki olaraq Rusiya hərbiçiləri Qarabağın dağlıq hissəsinə ermənilərin tam təhlükəsizliyini təmin etmək üçün gəliblər. Erməni əhalinin Qarabağdan köçməməsi, daha sıx məskunlaşması və orada hərbi-siyasi iddialarını davam etdirməsi üçün irimiqyaslı plan həyata keçirilir. Rusiyanın əksər dövlət strukturları faktiki olaraq Qarabağda fəaliyyət göstərir. Erməni əhalini Qarabağa qayıtmağa təşviq edən layıhələr təqdim olunur, maddi və mənəvi dəstək göstərilir. Hətta gələcəkdə separatçılığı yenidən alovlandırmaq üçün zəmin yaradılır”.

N.Məmmədli əlavə olaraq vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa əsasən öz ərazilərində istənilən təhlükəsizlik tədbirlərini həyata keçirə bilər:

“Buna tam olaraq hüququ və hərbi gücü çatır. Lakin 10 noyabrda imzalanmış üçtərəfli atəşkəs bəyanatı ilə üzərinə müəyyən öhdəliklər götürüb. Həmin sənədə əsasən, ölkəmiz bəzi hüquqlarının icrasını təxirə salıb, bəzilərini isə Rusiya sülhməramlılarına həvalə edib. Azərbaycan müharibənin hərbi mərhələsindən qalib çıxsa da, daha mürəkkəb və çətin mərhələyə qədəm qoyub. Müharibənin ağır nəticələrini ortadan qaldırmaqla yanaşı, problemin qalıcı həllinə nail olmaq vəzifəsi hələ qarşıdadır. Müharibənin ağır nəticələrini ortadan qaldırmaq və qalıcı sülhə nail olmaq uzun zaman və resurs tələb edir. Ərazilərin təhlükəsizliyi, minalardan təmizlənməsi, kommunikasiyaların və kommunal təsərrüfatın bərpası, yol, rabitə, işıq, qaz infrastrukturunun tikintisi, texniki-təchizat, inzibati-siyasi və humanitar problemlərin həlli çox sürətlə aparılmalıdır. Rusiyanın Qarabağda öz qaranlıq niyyətlərini asanlıqla həyata keçirməsinə mane olmaq üçün qətiyyətli və çoxtərəfli diplomatik siyasət yürüdülməlidir”.

Ekspertin fikrincə, eyni zamanda Türkiyənin iştirakı ilə atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin fəaliyyətini Qarabağda təcili genişləndirmək vacibdir.

Qeyd edək ki, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı mediaya açıqlamasında oxşar fikirlər səsləndirmişdi:
“Sülhməramlılar erməniləri himayə edir, onlarla görüş keçirərək əski parçalarını "bayraq" kimi yayırlar. Sülhməramlı qüvvələrin generalı cinayətkar xunta başçısı Arayik Harutyunyanın otağına gedərək onunla şəkil çəkdirir və bu görüntülərin sosial şəbəkələrdə yayılmasına imkan verir”.


Tarix: 21-12-2020, 18:38


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı