Rusların "zabit şərəfi": Şuşaya zərbənin şok təfərrüatı - Video

ANAMA-nın adı açıqlanmayan rəsmisinin mediaya müsahibəsində Şuşaya iki ədəd “İsgəndər” raketinin atıldığı faktının üzə çıxması ölkə gündəmində rezonansa səbəb olub.
Xatırladaq ki, bundan öncə erməni mediasında bu mövzu həddən artıq geniş müzakirə edilmişdi. Hətta Şuşada olan hərbçilər və komandanlıq Azərbaycan Ordusu şəhəri düşməndən azad edəndən sonra hücuma hazırlaşdıqlarını, bu zaman isə İrəvandan hücumun dayandırıldığını bildirmişdilər. Onlar qeyd edirdilər ki, hərbi rəhbərlik Şuşanı “geri almaq üçün” hücumun heç bir nəticə verməyəcəyini bildirərək, şəhəri “İsgəndər”lərlə vuracağını elan edib.
Hərbçilər bu qərardan sonra Şuşanın “vurulmadığını”, başqa sözlə desək, hərbi rəhbərliyin, o cümlədən Nikol Paşinyanın “xəyanət etdiyini” iddia edirdilər.
Bunun ardınca isə Nikol Paşinyan “İsgəndər” raketlərindən atəş açıldığını, ancaq raketlərin 90 faizinin partlamadığını və yaxud hədəfdən yan keçdiyini bəyan etdi ki, bununla da böyük hərbi-siyasi böhran başladı. Rusiya bu açıqlamanı silah ixracına qarşı böyük təhdid sayaraq, olduqca sərt reaksiya göstərdi, çünki nüvə başlığı daşımaq gücündə olan “İsgəndər” Rusiyanın ən çox öyündüyü komplekslərdir. Ermənistan Baş Qərargah rəisi müavininin Paşinyanın bu sözlərinə qarşı çıxması və nəticədə vəzifədən dərhal azad edilməsi, ardınca isə Baş Qərargahın Nikol Paşinyanın istefasını tələb edən bəyanat verməsinin arxasında da əslində rus hərbi elitasının dayandığı şübhəsizdir.
Nəticə özünü çox gözlətmədi: Nikol Paşinyan dolayısı ilə sözündən imtina etdi və Rusiya ilə münasibətləri bərpa etməyə çalışdı.
Prezident İlham Əliyevin “İsgəndər” açıqlaması
“İsgəndər”lə bağlı Azərbaycanın ən yüksək səviyyədə açıqlaması 26 fevral tarixində Prezident İlham Əliyevin yerli və xarici media qurumlarına verdiyi açıqlama idi (Əraflı burada).
Zəruri olaraq qeyd edək ki, Prezident Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqləri adından verilən sualı cavablandırmışdı. Sual isə elə qoyulmuşdu ki, “İsgəndər”in naşı əllərə düşməsinin qarşısının alınması məsələsi müzakirəyə çevrilirdi.
Prezidentin cavabı belə idi:
“Ermənistanın baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu. Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim”.
Diqqət: Prezident İlham Əliyev “İsgəndər” raketlərinin tətbiqi barədə hərbi mənbələrdən hər hansı məlumat olmadığını bildirir və buna görə də Nikol Paşinyanın açıqlamasını təkzib edir.
Ancaq aradan 20 günə yaxın zaman keçəndən sonra ANAMA Şuşada iki “İsgəndər” raketini aşkarlayır.
Bu, artıq faktdır!
“İsgəndər” necə buraxılmışdı
Ermənistanda başlayan “İsgəndər” qalmaqalı zamanı Azərbaycan mediası 44 günlük savaş ərzində erməni sosial şəbəkə istifadəçilərinin yaydığı videonu incələdi və “İsgəndər”lərdən istifadəni təsdiqləyən video-görüntülər əldə etdi. Həmin videolar ictimailəşdirildi və Ermənistanın “İsgəndər” raketindən istifadə etdiyi barədə iddianın həqiqət payına diqqət çəkildi.
Əlbəttə, videonun araşdırılması və məhz 44 günlük savaşa aid olub-olmaması hərbi qurumların işidir. Ancaq raketlərin buraxılışı zamanı ermənilərin şadyanalığı və Azərbaycanın ünvanına səsləndirilən söyüşlər bu videonun 44 günlük savaş ərzində çəkildiyinə inamı artırırdı.
Ermənistanda hər zaman İsgəndər-M olub!
ANAMA mütəxəssisinin fotosunu, düşdüyü koordinatlarını belə təqdim etdiyi raketin İsgəndər-M-ə aid olması barədə açıqlaması da təəccüblü deyil.
“İsgəndər”lərin Ermənistana verilməsi 2016-cı ilin aprel savaşından sonra ortaya çıxmışdı. Hələ o zaman rus ekspertlər bildirirdi ki, “İsgəndər” kompleksi 2014-cü ildən (avqust təxribatı zamanı) Ermənistandadır. Sadəcə, həmin ərəfədə “İsgəndər”lər rus hərbi birliklərinin nəzarətində idi. 2016-cı ildə isə onun statusu dəyişdirildi və Ermənistan silahlı qüvvələrinin nəzarətinə verildi (Ətraflı burada).
Həmin vaxt bu komplekslərin eksport – ixrac versiyası olan İsgəndər-E deyil, məhz satış üçün nəzərdə tutulmayan, yalnız rus ordusunun arsenalına daxil İsgəndər-M olması haqda da təkzibedilməz faktlar ortaya qoyuldu. Bu, Ermənistanın keçirdiyi paradda nümayiş olunan raketlərin görüntüsündən də aydın idi. Həmin dövrdə o görüntüləri Axar.az-a şərh edən mütəxəssislər komplekslərin məhz İsgəndər-M olmasını təsdiqləmişdilər.
Bu mübahisələrin getdiyi vaxt Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələrinə verilən komplekslərin İsgəndər-M olduğunu rəsmən təsdiqlədi (Ətraflı burada).
Saytımızın bununla bağlı sorğularını isə Rusiyanın Bakıdakı səfirliyi cavablandırmaqdan imtina etdi. Rusiya XİN rəsmisi Mariya Zaxarova da Ermənistandakı “İsgəndər”lərin “M” modifikasiyalı olub-olmadığını yalnız Rusiya Müdafiə Nazirliyinin açıqlaya biləcəyini elan etməklə, “diplomatik” cavabla kifayətləndi (Ətraflı burada).
Bu, Rusiyanın bütün beynəlxalq qanunlara, o cümlədən özünün imzaladığı konvensiyalara ziddir. İsgəndər-E-dən fərqli olaraq, İsgəndər-M 500 km məsafədəki hədəfi dəqiq vurmaqla bərabər, nüvə başlığı daşımaq gücündədir. Bu məsafədəki ballistik raketlərin başqa dövlətə satılması isə beynəlxalq konvensiyalarla qadağan edilir. Rusiya özünün də imzaladığı beynəlxalq konvensiyalara tüpürərəkmi bu addımı atıb?
Əlbəttə ki, Rusiya MN heç bir açıqlama verməyi lazım bilmədi. Az sonra isə rusiyalı ekspertlər Ermənistanda olan 4 ədəd İsgəndər-M kompleksinin və onlara aid 25 ballistik raketin rus hərbçilərinin birbaşa nəzarətində olduğu haqda şərhlər yaydılar.
İsgəndər-M-lər kimin nəzarətindədir?
Məsələnin ən vacib tərəfi də budur: 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı, konkret olaraq, Şuşa şəhərini dağıtmaq üçün “İsgəndər-M” raketindən istifadə olunması artıq ANAMA tərəfindən rəsmən təsdiqlənib.
Zəruri əlavə: Britaniya mediası hətta İsgəndər-M-lərlə Bakının vurulmasına cəhd edildiyi haqda sensasiya xarakterli material da yaymışdı. Yüksək rütbəli rəhbçiyə istinadla yayılan məqalədə Bakıya atılan “İsgəndər” raketinin İsrail istehsalı olan “Barak-8”-lə vurulduğu bildirilmişdi (Ətraflı burada).
Belə çıxır ki, Ermənistandan atılan “İsgəndər” raketləri yalnız Şuşada tapılan iki ədədlə məhdudlaşmır? Nikol Paşinyanın dediyi kimi, atılanlar çoxdur və onun 90 faizi “partlamayıb”?
Daha vacib sual: Bəs, bu raketi kim atıb?
Kremlə yaxınlığı ilə seçilən rusiyalı hərbi ekspertlərin sözlərinə inansaq və Ermənistandakı İsgəndər-M-lər bu marionet ölkədəki rus ordusunun nəzarətində olduğunu qəbul etsək, onda belə çıxır ki, artıq dəlil-sübutla təsdiqlənən (digərləri, məsələn, Bakıya atıldığı bildirilən ehtimaldır) Şuşaya atılmış 2 raketin məsuliyyəti Rusiyanın üzərindədir.
2017-ci ildən başlayaraq, KTMT çərçivəsində rus-erməni hərbi birliyinin formalaşdırılması mərhələsi başa çatıb. Xarici müdaxiləyə qarşı rus-erməni hərbi birliyi Ermənistandakı məşhur 5-ci korpus sayılır. Bu korpus birbaşa Rusiyanın nəzarətindədir və Ermənistan ordusundakı hazırda ən üzdə olan və müxtəlif vəzifələr daşımış və yaxud indi daşıyanlar bu korpusun “yetirmələridir”.
İsgəndər-M raket komplekslərinin sözügedən 5-ci korpusun nəzarətində, Erebuni və yaxud Gümrü istiqamətində yerləşdirildiyi haqda qeyri-rəsmi məlumatlar var. Başqa sözlə desək, Ermənistana verilən İsgəndər-M-lər birbaşa Rusiya MN-in olmasa da, Ermənistandakı rus hərbçilərin nəzarətindədir.
İsgəndər-M-lər istifadə olunub, bəs, nəticə?
Niyə Azərbaycan, məsələn, ANAMA-nın timsalında yalnız qalığını, həm də partlamış qalığını tapandan sonra İsgəndər-M raketindən istifadə edildiyini təsdiqlədi? Niyə radar komplekslərimiz bu barədə anında məlumat əldə etməyib?
Cavab budur: İsgəndər-M kompleksləri “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yarmaq gücündədir. Bu kompleksin raketləri ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.
Yeri gəlmişkən, İsgəndər-M iki raketlə təchiz olunur, cəmi bir dəqiqə intervalla birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir.
Bunları ona görə qeyd edirik ki, aşağıdakı video-görüntünün məhz İsgəndər-M olmasına şübhə yeri qoymur.
Maraqlıdır, bu qədər mükəmməl silah, həm də raketlər partlayıbsa, necə hədəfdən yayınıb?
Görünür, ən əsas sual da budur: ya Azərbaycan HHM qüvvələri bu raketləri zərərsizləşdirib, ya da...
Rusiya MN-in cavab verməlidir
“Ya da” versiyasına Rusiya MN cavab verməlidir. Çünki Ermənistanla Rusiya arasında bağlanan müqaviləyə görə, Ermənistanın sərhədləri kimi, hava məkanı da Rusiya HHQ tərəfindən – KTMT adı ilə - qorunur. Başqa sözlə desək, Ermənistanın hərbi hava müdafiəsinə aid nə varsa və yaxud, ona nə verilibsə, Ermənistandakı Rusiya hərbi kontingentinin və 5-ci korpusun sərəncamındadır.
Rusiya MN-in buna izahı olmalıdır: İsgəndər-M-dən niyə istifadə edilib? Ermənistan ərazisindən Azərbaycanın Rusiya tərəfindən tanınan ərazisi eksport deyil, birbaşa rus ordusuna aid olan və satılması qadağan edilən silahla necə hədəf alınıb? Bu raket hədəfdən necə yayınıb?
Bu suallara aydınlıq gətirməsi Rusiyanın təkcə beynəlxalq konvensiyaların icrası öhdəliyi deyil, heç İsgəndər-M-in nüfuzunu qorumaq da deyil, həm də zabit şərəfi məsələsidir...


Tarix: 1-04-2021, 21:56


Bölməyə aid digər xəbərlər