İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir

Hər bir müstəqil dövlət dünya dövlətləri arasında özünün tarixi keçmişinə, təbii və özünəməxsus resurslarına, iqtisadi potensialına, geo-siyasi məkanına, müasir prinsiplər əsasında idarə olunmasına, ən başlıcası isə müstəqil dövlət siyasətinin beynəlxalq aləmdə qarşılanması və reallığa cavab verməsinə görə nüfuza malikdir. Azərbaycan müstəqilliyini əldə edəndən sonra bu prinsiplərə cavab verən və özünəməxsus siyasəti həyata keçirən bir dövlətə çevrilmişdir. 
İqtisadiyyatımızın əsasının neftin hasil olunması və beynəlxalq sistemə qoşularaq neft ölkələri sırasında yer alması ilə nəticələndiyini bir mənalı olaraq  qəbul edirlər. İqtisadiyyatımızın yalnız neftdən asılılığını aradan qaldırmaq isə dövlətimizin vaxtında atdığı ən düzgün addımlardan biridir. Məqsədimiz iqtisadiyyatımızın dirçəlməsi və inkişaf etdirilməsi üçün əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəltmək, ən başlıcası isə, neftdən əldə olunan kapitalı insan kapitalına çevirməkdir. Bu istiqamətdə davamlı olaraq ciddi işlər görülüb və hazırda görülməkdədir. 
XXI əsrdə güclü dövlət qurmaq və inkişaf etdirməklə rəqabətlərə davamlı iqtisadiyyata nail olmaq üçün idarəetmənin infrastruktrunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi ən vacib prinsiplərdən biridir. Müasir texnologiyaların, innovativ metodların tətbiqi ilə resurslardan və enerji mənbələrindən məqsədyönlü istifadə etməklə iqtisadiyyatımızın bütün sahələrinin inkişaf etdirilməsinə nail olmaq olar. Dövlətimizin bu sahələrə göstərdiyi qayğı həyata keçirilən layihələrdə öz əksini tapır. Bu qürurvericidir və gələcəyə inamı yüksəldir. 
44 günlük müharibə ilə işğal altında olan torpaqlarımız azad edildikdən sonra qarşıya çıxan problemlər göz qabağındadır. Erməni vandalizmi Qarabağı xarabazarlığa çevirmiş, milli-mənəvi dəyərlərimizin saxtalaşdırılmasına, dağıdılmasına, təhqir olunmasına rəvac vermişdir. 
“Qarabağ Azərbaycandır” həmrəylik şüarı ilə biz yekunda qələbə çaldıq. Qarabağı dirçəltməklə, onu yenidən bərpa edərək müasir Qarabağa çevirmək üçün hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı dövlət proqramı həyata keçirilir. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin həyata keçiriləcəyi isə onu göstərir ki, biz iqtisadi cəhətdən güclü dövlət olmaqla, Qafqaz bölgəsində söz sahibi olaraq dünya birliyində özümüzü təsdiqləmişik. 
44 günlük müharibənin “Zəfər” qələbəsi ilə başa çatmasında qüdrətli ordumuzun rəşadəti danılmazdır. Güclü ordu müstəqil dövlətin qorunub, gələcəyə addımlamasında mühüm amildir. Güclü orduya reallaşmaq üçün isə iqtisadi cəhətdən çox güclü imkanlara malik olmaq lazımdır. 
İqtisadiyyatı güclü olan dövlət hər bir şeyə qadirdir. Bütün bunları nəzərə alsaq, bu gün də, sabah da güclü Azərbaycan naminə, iqtisadiyyatımızın dinamik inkişafına, müasir texnologiyaların mənimsənilməsinə və tətbiqinə nail olmalı, dünya iqtisadiyyat bazarının tələb və təkilflərinə adekvat cavab verə bilən güclü iqtisadiyyat qurmalıyıq. 
İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Cari ilin 28 may tarixində Prezident cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş nazirliyin yeni binasının açılışı dolayısı ilə Azərbaycanın regionun lider ölkəsi olmaq statusunun növbəti təsdiqidir. 
Biz inanırıq ki, bundan sonrakı dövrlərdə də Azərbaycan öz qüdrətini möhkəmlətməklə müasir, güclü Azərbaycanı dünyaya təqdim etməyi bacaracaq və yeni zəfərlərə imza atacaqdır. 

Gülşən Piriyeva,
Salyan şəhər sakini, Əməkdar müəllim


Tarix: 7-06-2021, 10:14


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı