13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib, Ermənistan tərəfindən sülh prosesinə qarşı törədilən maneələrdən danışıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çıxış zamanı nazir post-münaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Xarici işlər naziri 19 sentyabr tarixində keçirilmiş antiterror tədbirlərini səciyyələndirən amillər barədə məlumat verib.

O, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina təhdidlərini xüsusi vurğulayıb.

C.Bayramov həmçinin Ermənistanın hərbi potensialını gücləndirməyə və bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyətinə diqqət çəkib. Bu kimi fəaliyyətin bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.

Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassızlığının sübut olunduğu xatırlanıb.

Xarici işlər naziri həmçinin son illər ərzində Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüsləri diqqətə çatdırıb, çoxtərəfli diplomatiya sahəsində ölkəmizin fəal rolundan bəhs edib.

Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir C.Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi, alternativ enerji sahəsində səylərə, eləcə də nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət yönəldib.

Daha sonra o, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilmiş konfransda Avropadan 30-dan çox düşüncə və tədqiqat mərkəzinin nümayəndələri, habelə nüfuzlu mütəxəssislər iştirak edib.

İlk dəfə ötən il Varşavada keçirilmiş Azərbaycan tədqiqatları üzrə Avropa Konfransı ölkəmizlə bağlı siyasi, iqtisadi və mədəni mövzular daxil olmaqla fərqli sahələr üzrə tədqiqatların təşviq edilməsi, eləcə də Azərbaycan barədə məlumatların dünya ictimaiyyətinə düzgün çatdırılması və akademik səviyyədə obyektiv təhlillərin aparılmasına töhfə məqsədini daşıyır.


Tarix: 1-12-2023, 21:03


Bölməyə aid digər xəbərlər