Noyabrın 23-də Minskdə keçirilən KTMT sammitindən sonra Belarusun xarici işlər naziri Sergey Aleynik bəyan etdi ki, sammitdən sonra KTMT Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək və sammit zamanı qəbul olunmuş qərarları Ermənistana gətirəcək ki, Ermənistan da onları imzalasın. Sammitin başa çatmasından bir həftədən çox vaxt keçsə də, Tasmaqambetov Ermənistana səfər etməyib. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti Tasmaqambetovla görüşmək niyyətində deyil.
Bu sözləri erməni ekspert Avetis Babacanyan qeyd edib.
O bildirib ki, KTMT-yə üzv dövlətlər, ümumiyyətlə, çıxılmaz vəziyyətə düşüblər:
“Bu da Ermənistanın mövqeyi ilə bağlıdır. Bir tərəfdən KTMT-nin nizamnaməsində üzv dövlətin çıxarılması proseduru nəzərdə tutulmayıb, çünki Ermənistan KTMT-nin həmtəsisçisidir, məsələn, Rusiya kimi, digər tərəfdən Ermənistan KTMT-dən çıxa bilər, amma bunu etmir, ancaq təşkilatın fəaliyyətini boykot edir.
KTMT-də qərarlar konsensusla qəbul edilir. İndi KTMT-nin Belarusda keçirilən sammitində Ermənistanın razılıq vermədiyi, imzalamadığı qərarlar qəbul edildi. KTMT bu məsələni başqa cür həll etmək qərarına gəlib: Tasmaqambetov həmin sənədlər paketini Ermənistana gətirəcək, Nikol Paşinyan isə Ermənistanda imzalayacaq və onlar qanuni qüvvəyə minəcək. Amma Paşinyan Tasmaqambetovu qəbul etməkdən imtina edirsə, bu o deməkdir ki, o, həmin sənədləri imzalamağa hazırlaşmır, bununla da nəinki həmin konkret sənədləri, ümumiyyətlə, strukturu qeyri-legitimləşdirir. Ermənistan hakimiyyətinin bu cür davranışının səbəbi nədir?
Əvvəldən belə bir fikir var idi ki, Nikol Paşinyan Ermənistanı KTMT-dən çıxarmaq məsuliyyətini öz üzərinə götürmək istəmir və Ermənistanla bağlı KTMT-də hansısa qərar qəbul etmək istəyir”.
Onun sözlərinə görə, Paşinyan Ermənistanı daha təhlükəli oyuna sürükləyir, o, KTMT-ni legitimlikdən çıxarmaq, gülüş obyektinə çevirmək üçün hər şeyi edir:
“NATO-Rusiya qarşıdurmasının indiki mərhələsində Paşinyan Rusiyanın nə qədər qeyri-ciddi və nüfuzsuz olduğunu, onun rəhbərlik etdiyi blokun hətta hüquqi qərarlar qəbul etmək iqtidarında olmadığını, həmin blokun üzvlərinin də o bloka qarşı çıxdığını öz davranışı ilə göstərir.
Belə bir şəraitdə Rusiyanın Ermənistana qarşı siyasətini günü-gündən sərtləşdirməsi qəribə deyil, baxmayaraq ki, açıq iqtisadi müharibə elan etmir. Rusiya və ölkə rəhbərliyi Nikol Paşinyanın dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Aİİ və MDB liderlərinin qeyri-rəsmi toplantısında iştirak edəcəyinə ümid edir. Rusiya Prezidentinin müşaviri Yuri Uşakov hətta İrəvandan Paşinyanın onlarda iştirak edə biləcəyi ilə bağlı müsbət siqnallar aldıqlarını bildirib. Amma Paşinyanın açıq antirusiya siyasəti onun Rusiyaya getməyəcəyinə heç bir şübhə yeri qoymur, çünki onun nə Rusiya hökumətinə, nə də Aİİ üzvü olan ölkələrə deyəcək sözü var. Məsələn, Rusiya prezidenti Ermənistan hakimiyyətinin bu cür açıq-aşkar antirusiya davranışının səbəbini soruşanda, nə cavab verməlidir və ya Rusiya hakimiyyəti Ermənistandan KTMT-dən çıxdığını elan etməyi tələb edərsə, nə cavab verəcək?”
Bölməyə aid digər xəbərlər