Fransada bazar günü keçirilən növbədənkənar parlament seçkilərinin ikinci mərhələsi sensasiyalı sonluqla nəticələndi. Jan-Lük Melanşonun solçu "Yeni Xalq Cəbhəsi" koalisiyası qalib gələrək Milli Assambleyada 174 mandat qazandı. Seçkilərin nəticələrinə görə, ikinci yeri tutan Emmanuel Makronun “Birlikdə” koalisiyası parlamentinin aşağı palatasında 156 yerə sahib olub. İlk turda qalib gələn Marin Le Penin “Milli Birlik” partiyası isə 143 yerə sahib olub.
Bununla da bütün proqnoz və gözləntilər alt-üst olub. Əksəriyyət gözləyirdi ki, ultrasağlar qalib gələcək. Sadəcə, ölkədəki "gözəgörünməz əl" nəticələrə müdaxilə edərək aşırı sağçıların qalibiyyətinə mane oldular.
Artıq sol blokun lideri Jan-Luk Melanşon tərəfdarlarına müraciətində Fransa Prezidenti Emmanuel Makronun seçkilərdə məğlubiyyətini etiraf etməli olduğunu bildirərək ölkənin hazırkı Baş naziri Qabriel Attalı istefaya çağırıb. O, həmçinin solçu koalisiyaya yeni kabinet formalaşdırmağa icazə verilməli olduğunu vurğulayıb. Emmanuel Makronun koalisiyası ilə ittifaqı istisna edən siyasətçinin sözlərinə görə, solçular yeni hökumətdə öz siyasi proqramlarını həyata keçirməyə hazırdır.
İlkin qənaət onu deməyə əsas verir ki, ölkə faktiki olaraq üç yerə bölünüb. Və yaranmış durumu da Fransa üçün xaos dövrünün başlanması kimi qiymətləndirmək mümkündür. Seçkilərin nəticələri prezident Emmanuel Makrona da ağır zərbə olub və Avropa zonasının ikinci böyük iqtisadiyyatını durğunluq vəziyyətinə sürükləyir, eyni zamanda, Paris Olimpiadasına bir neçə həftə qalmış ölkədə baş verəcək siyasi qeyri-sabitliyin xəbərçisidir.
Fransa prezidenti son nəticədə parçalanmış parlament sindromu əldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarından kənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duran məsələlərin həllində çətinliklər yaradacaq.
Beləliklə, əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almadığına görə yeni hökumətin formalaşdırılması çətin olacaq. Artıq baş nazir Qabriel Attal istefa verəcəyini bildirib, lakin prezident onu qəbul etməyib.
Yeri gəlmişkən, Fransa Milli Assambleyasına seçkilərin ikinci turunda bu ölkənin dənizaşırı ərazilərini təmsil edən iki namizəd parlamentə seçilib. Təxminən 40 ildə ilk dəfə olaraq Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan lider Fransa Milli Assambleyasında mandat qazanıb. Yeni Kaledoniya Fransa parlamentinin 577 yerlik aşağı palatasında iki yerə malikdir. Burada 222 mindən çox seçici qeydə alınıb və Sakit okean arxipelaqında seçici fəallığı birinci turda 60,02 faizlə müqayisədə 71,2 faiz təşkil edib. Müstəqillik tərəfdarı namizəd Emmanuel Tjibaou Parisə loyal olan deputat Alside Ponqa ilə mübarizədə daha çox - səslərin 57,33 faizini toplayıb. 1989-cu ildə öldürülən Kanak lideri Jan-Mari Tjibaounun oğlu Emmanuel Tjibaou 1986-cı ildən bəri Milli Assambleyada mandat qazanan ilk müstəqillik tərəfdarı olub. Paris açıq şəkildə Yeni Kaledoniya əhalisi tərəfindən oğur Tjibaounu dəstəkləməsindən narahatdır, onun Parisin xarici ərazilərin suverenliyini tanıması məsələsini qaldıra biləcəyindən ehtiyatlanır.
Digər seçki dairəsində hökumətə qarşı loyal münasibət sərgiləyən namizəd Nikolas Metzdorf 52,41 faiz, onun rəqibi - müstəqillik tərəfdarı siyasətçi Omayra Naisseline isə 47,59 faiz səs toplayıb.
İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə uğursuzluqla qarşılaşan prezident Makron parlamenti buraxıb və növbədənkənar seçkilər elan edib. O, həmçinin iyunun 12-də Yeni Kaledoniyada çox mübahisəli seçki islahatları planının dayandırıldığını elan edib. Həmin plan may ayında arxipelaqda həftələrlə davam edən iğtişaşlara səbəb olmuşdu. Zorakılıq nəticəsində azı 7 nəfər ölüb, 370-dən çox insan yaralanıb. Seçki qaydalarına dəyişikliklər qəbul edilsəydi, ən azı 10 il ada dövlətində yaşayan Fransa vətəndaşları yerli seçkilərdə səs verə bilərdi. Arxipelaqın sakinləri bu dəyişikliklərin yerli Kanak əhalisinin səsini azaldacağından narahat idilər.
Qalib deputat Emmanuel Tjibaouya gəldikdə, şübhə yoxdur ki, o, parlamentində əsas prioriteti olan suverenlik uğrunda mübarizə aparacaq. 48 yaşlı deputatı siyasətə yeni gələn “qaranlıq at” hesab edirlər.
Beləliklə, Fransa ümid edirdi ki, Emmanuel Tjibaou seçkilərdə uğur qazana bilməyəcək, ona loyal namizəd qalib gələcək. Lakin gözləntilər özünü doğrultmayıb.
Bəs gələcəkdə nələri proqnoz etmək olar? Ehtimal ki, Fransa parlamentində Yeni Kaledoniyaya müstəqillik verilməsi təşəbbüsləri artacaq. Emmanuel Tjibaounun deputat seçilməsi ilə Fransa sosial şəbəkələrində yaşananlar da maraq doğurur. Şərhlərdə Yeni Kaledoniyada ona dəstək verilməsinin Parisdə narahatlıq doğurduğu ifadə edilib. Sosial şəbəkələrdə “Yeni Kaledoniyaya azadlıq”, “Mikron Napoleon qoşunlarını Yeni Kaledoniyaya göndərə biləcəkmi?”, “Ola bilsin orada Austerlisdə olduğu kimi, məğlubiyyət yaşamayacağıq”, “Yeni Kaledoniyaya müstəqillik verilməsinin vaxtıdır. Zəif yerlərə vurmaq vaxtıdır” şərhləri də çoxluq təşkil edib.
Yekunda sadəcə onu deyə bilərik ki, Fransa parlamenti ultrasağlara tam qismət olmasa da, nəticə ölkə üçün ciddi problemlərə yol aça bilər. Xaos və ikitirəlik ölkənin gündəminə çevriləcək. Xüsusilə, Olimpiya Oyunlarından sonra ölkəni ciddi problemlər gözləyə bilər.(Report)
Bölməyə aid digər xəbərlər