Baş nazirin köməkçisi Əhməd Əhmədzadə - Dekabrın 24-ü Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafında əvəzolunmaz rolu olan Prezident İlham Əliyevin doğum günüdür. Hər il bu gün Azərbaycan xalqı yalnız öz liderinin doğum gününü deyil, həm də onun rəhbərliyi ilə əldə olunan uğurları qeyd edir. İlham Əliyevin həyatı və fəaliyyəti, bir dövlət adamı olaraq keçdiyi yol, həm Azərbaycan üçün, həm də beynəlxalq ictimaiyyət üçün bir nümunədir.
1961-ci il dekabrın 24-də Bakıda anadan olan İlham Əliyev, artıq uşaqlıq illərindən geniş dünya görüşünə malik bir şəxsiyyət kimi formalaşmağa başlayıb. Atası, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev onun həm tərbiyəsinə, həm də təhsilinə xüsusi diqqət yetirmişdir. İlham Əliyev orta təhsilini Bakıda başa vurduqdan sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) təhsil almışdır.
MGİMO-da aldığı yüksək səviyyəli təhsil, beynəlxalq münasibətlər və dünya siyasəti sahəsində geniş biliklərə yiyələnməsi, onun gələcəkdə Azərbaycan dövlətinin idarə edilməsindəki lider rolunu müəyyənləşdirdi. Elmi fəaliyyətini də davam etdirərək siyasi elmlər doktoru dərəcəsi alan İlham Əliyev, hər zaman müasir biliklərə əsaslanan qərarlar qəbul etmişdir.
Prezident İlham Əliyevin siyasi karyerası, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi ilə sıx bağlıdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra İlham Əliyev dövlətin mühüm strukturlarında çalışaraq ölkənin inkişafında fəal iştirak etməyə başladı. 2003-cü ildə xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev, artıq 20 ildən çoxdur ki, Azərbaycana rəhbərlik edir.
Onun prezidentliyi dövründə Azərbaycan möhtəşəm iqtisadi inkişaf yolu keçmiş, regionda və beynəlxalq arenada nüfuzunu artırmışdır. Həyata keçirdiyi islahatlar Azərbaycanı müasir, dinamik və dayanıqlı bir dövlətə çevirmişdir.
İlham Əliyevin Ali Baş Komandan kimi tarixi rolu xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü göstərdi. O, qətiyyətli qərarları, güclü siyasi iradəsi və xalqın birliyinə olan inamı ilə Azərbaycan tarixində yeni bir səhifə açdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı və ətraf əraziləri işğaldan azad etdi. Bu zəfər təkcə hərbi deyil, həm də siyasi müstəvidə tarixi bir qələbə idi. Onun beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini təqdim etməsi, dünya ictimaiyyətini ölkəmizin haqlı mövqeyi ilə tanış etməsi bu qələbənin əldə olunmasında mühüm rol oynadı.
Prezident İlham Əliyev şəhidlərimizin və qazilərimizin ailələrinə xüsusi diqqət və qayğı göstərir. Onun rəhbərliyi ilə minlərlə şəhid ailəsi üçün mənzillər tikilib, qazilərimizin reabilitasiyası üçün müasir mərkəzlər yaradılıb. Dövlətin sosial siyasətində bu kateqoriyaya aid insanlara dəstək xüsusi prioritetdir.
Prezidentin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə şəxsən görüşməsi, onların problemlərini dinləməsi və həll yolları tapması xalqın liderinə olan hörmət və sevgisinin təzahürüdür.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. COP29 tədbirinə Bakının ev sahibliyi etməsi, ölkəmizin qlobal iqlim dəyişikliyi məsələlərinə verdiyi əhəmiyyəti nümayiş etdirir.
Prezident İlham Əliyev təkcə iqlim dəyişikliyi deyil, həm də enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və beynəlxalq təhlükəsizlik sahələrində də dünya liderləri ilə birgə mühüm təşəbbüslər irəli sürür. Azərbaycanın beynəlxalq təşkilatlardakı uğurları, onun qətiyyətli və prinsipial mövqeyinin nəticəsidir.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadi sahədə böyük inkişaf əldə edib. Neft gəlirlərindən səmərəli istifadə edərək ölkədə qeyri-neft sektorunun inkişafını təmin edən Prezident, müasir sənaye, kənd təsərrüfatı və xidmət sektorunun inkişafına təkan verib.
Eyni zamanda, sosial islahatlar proqramı çərçivəsində əhalinin rifahı yüksəldilib, yeni iş yerləri açılıb, təhsil və səhiyyə infrastrukturunda əhəmiyyətli irəliləyişlər əldə olunub. Onun təşəbbüsü ilə yaradılan "ASAN xidmət" modeli dünya miqyasında bir brendə çevrilib və bir çox ölkələrdə tətbiq olunmağa başlanıb.
Cənab Prezident İlham Əliyevin doğum günü, Azərbaycanın uğurlarını və gələcəyə olan ümidlərini simvollaşdırır. Onun qətiyyətli liderliyi, xalqına olan sevgisi və dövlətinə göstərdiyi xidmətlər hər zaman yüksək qiymətləndirilir.
Dekabrın 24-də hər bir azərbaycanlı, liderinə xoş arzularını çatdırır, ona cansağlığı, uzun ömür və daha böyük uğurlar arzulayır. Bu gün yalnız bir liderin doğum günü deyil, həm də xalqın liderinə olan sevgisinin və dəstəyinin ifadəsi günüdür.
Bölməyə aid digər xəbərlər