16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Müstəqillik illərində ordu quruculuğu – Ulu Öndərin fəaliyyəti


Müstəqilliyinin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən ibarət yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi və onların əmrlərini yerinə yetirirdi. Digər tərəfdən, Azərbaycana xarici müdaxilə, Ermənistanın ərazi iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Məhz bu vəziyyəti yaradan səriştəsizlik ucbatından, müstəqilliyini yenicə bərpa etmiş respublikada ordu quruculuğu arzulanan səviyyədə getmirdi. 
Ordu əsas vəzifəsini yerinə yetirmək əvəzinə, bəzi fərdlərin ambisiyalarının icraçısına çevrilmişdi. Yaranmış vəziyyət dövlət çevrilişi həddinə çatmışdı. Böyük tarixi şəxsiyyət, siyasət elminin mahir bilicisi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Silahlı Qüvvələrin formalaşması prosesi geniş vüsət aldı. Çox keçmədən Ordumuz cəbhədə bir neçə uğurlu əməliyyat həyata keçirdi, bir sıra yaşayış məntəqələrimizin düşməndən azad edilməsinə nail oldu. 1993-cü il noyabrın 23-də Milli Şurada “Müdafiə haqqında” Qanun qəbul edildi. Qanunda ordu quruculuğunda məsul vəzifəli şəxslərin və orqanların fəaliyyəti sistemləşdirilərək məsuliyyət sahələri dəqiqləşdirilirdi. Noyabr-dekabr aylarında 40 ehtiyat taboru təşkil edildi. 
Az sonra ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi şəxsən cəbhə bölgələrində ordunun, əsgərlərin vəziyyəti ilə yaxından tanış oldu, konkret tədbirlər müəyyənləşdirdi. Bu, ordunun şəxsi heyətinin mənəvi hazırlığını əhəmiyyətli dərəcədə yüksəltdi. Bununla yanaşı, Prezident vəziyyətə uyğun çevik qərarlar da qəbul edirdi. Nəhayət, ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu Fərman ordumuzun quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir. Ulu Öndər deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”. Bu sözlər dahi şəxsiyyətin əsgərə, onun timsalında orduya verdiyi qiymətin daha bir təsdiqidir. Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam". 
1993-cü il noyabrın 1-də Prezidentin müvafiq Fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və Ümummilli Liderimiz ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Nəticə etibarilə bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi - nizami ordu yaradıldı və formalaşmağa başladı. Ulu öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Bu gün Azərbaycanın ali hərbi məktəblərində bir sıra xarici ölkələrin nümayəndələri təhsil alırlar.
Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. 
Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun, xalqı və milləti tərəfindən belə uzun müddət etibara və etimada layiq görülsün, uzun müddət xalqının xoşbəxtliyi, firavanlığı, inkişafı və müstəqilliyi yolunda fədakarcasına fəaliyyət göstərsin, özündən sonra müstəqil dövlət kimi qiymətli bir miras qoyub getsin. Buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilmişdir, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanmışdır. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır. 
Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Bütün bu inkişafın nəticəsində biz Qələbənin sevincini yaşadıq.
Noyabrın 10-u 2020-ci il tarixi Azərbaycan xalqı üçün böyük Qələbə günüdür. Bu günü bizə yaşadan xilaskar ordumuz və Müzəffər Ali Baş Komandanımızdır. Qüdrətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə də əzəmətlə dalğalanır. Bütün bu hissləri xalqımıza yaşadan ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Ləman Əliyeva,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Tarix: 30-06-2021, 11:05


Bölməyə aid digər xəbərlər