Fransanın casus “diplomatları” - Əlcəzair Parisin planlarını alt-üst edir - ŞƏRH

Fransanın casus “diplomatları” - Əlcəzair Parisin planlarını alt-üst edir - ŞƏRH


Fransa növbəti dəfə “casus oyunları” ilə gündəmdədir

Əlcəzairlə Fransa arasında gərginlik kritik həddə çatıb. Ölkələr arasında diplomatik qalmaqal Fransaya bağlı kəşfiyyat əməkdaşlarının Əlcəzairdən qovulması ilə gücənib. Hadisə Fransanın ölkə ərazisində törətdiyi soyqırımının növbəti ildönümündən bir gün sonra baş verib. Belə ki, iki fransız casusun diplomatik pasportla Əlcəzairə daxil olduqları, lakin yerli hakimiyyət orqanlarına əvvəlcədən məlumat vermədikləri bildirilib.

Bu, son bir ayda Fransa ilə Əlcəzair arasında baş verən ikinci belə hadisədir. Daha əvvəl Əlcəzair Parisdəki nümayəndəsinin həbsinə cavab olaraq 12 fransız diplomatı ölkədən çıxarmışdı.

Baş verən hadisələr ölkələr arasında münasibətlərin gərginliyindən xəbər verir. Rəsmi Əlcəzair dəfələrlə bəyan edib ki, Fransa ikitərəfli sazişləri, onun hüquqlarını pozur. Yelisey sarayını qarşılıqlı hörmət prinsiplərinə əməl etməyə çağırsa da, reaksiya olmayıb. Ən maraqlısı da odur ki, budəfəki diplomatik qalmaqal dövlət başçılarının telefon danışığından və Fransa diplomatiyasının başçısının Əlcəzairə səfərindən sonra baş verib.

Ümumiyyətlə isə “casus qalmaqallarını” Parisin avantüra siyasətinin tərkib hissəsi də adlandırmaq olar. Yəni, Əlcəzairdə baş verənlər ilk hal deyil. Bundan əvvəl analoji hal Azərbaycanda, Mərkəzi Asiyada, Türkiyə və Gürcüstanda da yaşanıb. Həmçinin, Tbilisi Gürcüstandakı Fransa səfirliyini radikal siyasi qruplara maliyyə ayırmaqla onların hökumət əleyhinə fəaliyyətlərini dolayı yolla maliyyələşdirməkdə ittiham edib.

“Ekstremist siyasi qrupların üzvlərinə Fransa səfirliyi pul verdi və bununla əslində onların radikal fəaliyyətlərini dolayı yolla maliyyələşdirir. Üstəlik, gözümüzə kül üfürürlər ki, guya bunlar turist marşrutlarını çəkirlər. Halbuki həmin insanlar əsasən hökumətin devrilməsi planları ilə məşğuldurlar”, - deyə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bugünkü açıqlamasında qeyd edib.

Azərbaycanda isə Fransa şirkəti “Merkorama” MMC-nin baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib və hazırda onun məhkəmə prosesi davam edir. O, indiyə qədər verdiyi ifadələrdə Fransanın əsl mahiyyətini ortaya qoyub.

Bəlli olub ki, Martini casusluğa özlərini Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları kimi təqdim edən şəxslər (iki nəfər - red.) cəlb ediblər. Əslində isə onlar xarici kəşfiyyat agentləri olublar. Həmin iki agent sonradan Bakıdan qovulub.

Görünür ki, Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşası prezident Emmanuel Makron üçün dərs olmayıb və Əlcəzair yenidən hədəf seçilib.

Bəs agentləri Əlcəzairə göndərməkdə məqsəd nədir? Ehtimal ki, onlar sui-qəsd, adam oğurluqları təşkil etməyə hazırlaşırmışlar. Gərginliyi artıran Fransada Əlcəzair mənşəli 1-2 milyon, bəlkə də daha çox insanın olmasıdır. Paris onları ölkədən çıxarmağa qərar verib, bu da iki ölkə arasında münasibətlərdə çox ciddi gərginliyə səbəb olub.

Əlcəzairlə Fransa arasında ikitərəfli münasibətlərə mənfi təsir göstərən daha bir səbəb də var. Birinci ehtimal odur ki, Əlcəzair Mərakeşin özünə birləşdirdiyi Cənubi Səhraya iddia edir. Bu mənada, Əlcəzairin Mərakeşlə gərgin münasibətləri var. Makron hökuməti indi Mərakeşi dəstəkləməyə meyillidir və Cənubi Səhranın ona birləşdirilməsi məsələsinə razılaşır. Bu fakt Əlcəzairdə çox aqressiv reaksiya doğurur.

İkincisi, fransız qoşunlar tərəfindən quraşdırılmış milyonlarla mina 60 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Əlcəzair ərazisində qalır. Fransa Əlcəzair ərazisində 14 nüvə sınağı həyata keçirib, partlayışlar həm quruda, həm də havada təşkil edilib. Bütün bunlar Fransa-Əlcəzair münasibətlərini ağırlaşdıran amillərdir.

Qeyd edək ki, Fransa ilə Əlcəzair arasındakı münasibətlər təkcə son illərin gərginliyi ilə deyil, əsrlərlə davam edən zülmlə, qanla, göz yaşları ilə yoğrulub. Mayın 8-də Fransanın Əlcəzairdə törətdiyi qətliamların 80-ci ildönümündə də bildirilib ki, 132 il Fransanın işğal altında qalan Əlcəzair xalqının yaddaşında bu illər dərin izlər qoyub. Həmin vaxt müstəqillik tələb edən əhalinin müstəmləkə hakimiyyəti tərəfindən amansız yatırılması nəticəsində 45 000-dən çox əlcəzairli öldürülmüşdü. İnsanlar müttəfiqlərin qələbəsini qeyd etmək üçün şimali Əlcəzair şəhəri Setif-də toplaşanda izdiham üzərində Əlcəzair bayraqları və müstəqillik tələb edən transparantlar qaldırıldı.

Fransa hakimiyyəti bu bayraqları endirməyi əmr etdi. Nümayiş iştirakçıları imtina edəndə əsgərlər izdihama atəş açdılar. Atışma xəbəri Gelma və Xerrata daxil olmaqla yaxınlıqdakı şəhərlərə yayıldı, orada iğtişaşlar başladı. Təxminən 100 fransız müstəmləkəçisi öldürüldü. Cavab olaraq, müstəmləkə hakimiyyəti əlcəzairlilərə qarşı amansız repressiyalara başladı.

O zaman Fransaya rəhbərlik edən Şarl de Qoll "bütün anti-fransız hərəkətlərini yatırmaq üçün zəruri tədbirlərə" icazə verdi. Ordu və hərbi hava qüvvələrinin dəstəyi ilə müstəmləkə qoşunları kəndləri bombaladı və bütün bölgədə məhkəməsiz edamlar keçirdi. Kişilər, qadınlar və uşaqlar may və iyun ayları boyunca öldürüldü. Lakin qırğın Əlcəzairin özünütəyin hərəkatının yaranmasına təkan verdi. 1 noyabr 1954-cü ildə əlcəzairlilər fransızlara qarşı inqilaba başladılar, nəticədə fransızlar 1962-ci ildə müstəmləkəyə müstəqillik verməyə məcbur oldular.

Təəssüf ki, fransız cinayətləri heç vaxt hüquqi qiymətini almayıb. Paris hakimiyyəti peşmanlıq çəkməyə meyilli deyil. Onilliklər sonra Əlcəzair və Fransa arasında münasibətlər gərgin olaraq qalır. Əlcəzair hökuməti dəfələrlə Parisdən Fransanın müstəmləkə cinayətlərinin rəsmi tanınmasını tələb edib. Əlcəzairdəki bir çox siyasətçilər və ictimai xadimlər Fransa dövləti tərəfindən üzr istənilməsində israr edirlər. Əlcəzairin müstəqillik qazanmasından 63 il keçsə də, Fransa hələ də öz müstəmləkə cinayətlərini tanımayıb. Fransız müstəmləkəçiləri Əlcəzairi tərk edərkən ölkədən üçəsrlik bütün arxivləri çıxarıblar – təkcə 130 illik işğala aid olanları deyil, həm də Osmanlı dövrü idarəçiliyinə dair sübutları.

Göründüyü kimi, Fransa hər vəchlə bu ölkədə təsirini geri qaytarmağa çalışır, bu yolda isə hər cür addıma əl atır. Hətta gözləmək olar ki, rəsmi Paris yaxın vaxtlarda Mərakeşlə Əlcəzair arasında da münasibətlərin gərginləşməsinə səbəb olacaq.(Report)


Tarix: Dünən, 17:23


Bölməyə aid digər xəbərlər