Bakı Xoreoqrafiya Akademiyasında növbəti ustad dərsləri keçirildi

Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının müəllimləri-Əməkdar artisti, “Navbahor” Mahnı və Rəqs ansamblının bədii rəhbəri, dosent Gülmira Madrahimova Ulmasjanova və Özbəkistan Dövlət Mükafatı laureatı Şerzod Kenjebaev Alieviç Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ustad dərsləri keçirib. 

Öncə qonaqlarla BXA rəhbərliyi arasında görüş keçirilib. 

Görüşdə peşəkar kadrların hazırlanması, son dövrlərdə xoreoqrafiya sənəti üzrə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında əməkdaşlığın dinamikası, qardaş ölkələrin beynəlxalq festivallarda iştirakı və mövcud problemlər ətrafında müzakirələr aparılıb. Sonra Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının nümayəndələri BXA-nın sinif otaqları, məşq zalları və ümumi akademiya ilə tanış olublar. Daha sonra ustad dərslərinə start verilib. BXA-nın orta ixtisas təhsili və bakalavr pilləsinin tələbələrinə Xarəzm, Buxara və Firqəmə professional rəqs məktəblərinin əsas elementləri: əl ayaq, çiyin, baş hərəkətləri çatıdırılıb. Eyni zamanda, ustad dərsləri ərzində tələbələrə özbək rəqs sənətinin incəlikləri barədə geniş məlumat verilib, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətlərini nümayiş etdirilib. Tələbələr müəllimlərin təlqin etdiyi rəqs hərəkətlərini icra ediblər.



Tarix: 11-03-2024, 12:19


Bölməyə aid digər xəbərlər