Bu nazirin Bakı haqda dediklərindən heyrətə gəldim...

Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər məni heyrətə gətirdi. Xüsusilə nazir Jan Asselbornun Dağlıq Qarabağda “çoxlu dağıntılara səbəb olan hərbi hücumda” Azərbaycanı ittiham etməsi bir daha ondan xəbər verir ki, Fransa, Niderland, Belçika kimi, Lüksemburqun da Qarabağ münaqişəsi, 44 günlük müharibə, onun mahiyyəti, nəticələri və regionda yaratdığı yeni reallıqlardan xəbəri yoxdur.
Bu sözləri QanunXəbər.com-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Politoloq qeyd edib ki, siyasi xəritəyə baxdıqda Lüksemburqun ərazisini lupa ilə belə zorla tapmaq olur:
“Azərbaycanın ucqar bir dağ kəndindən bəlkə bir az böyük olan Lüksemburqun özündən min kilometrlərlə uzaqda olan bir regionda baş verən münaqişə haqda fikir bildirməsi gülüncdür.
Məsələ ondadır ki, Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Asselbornun BMT İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı Azərbaycanı, “Azərbaycanı dəstəklədiyi üçün Türkiyəni” ittiham etməsi yersiz və qeyri-peşəkarcadır. Türkiyə nə Qarabağ münaqiəsinin, nə də 44 günlük müharibənin iştirak edən tərəfləri sırasındadır. Azərbaycanın Ankaranın milli istehsalı olan son texnologiya PUA-lar və bir sıra silahlardan muharibədə istifadə etməsi Türkiyənin müharibədə ermənilərə qarşı döyüşdüyü demək deyil. Onda gərək Azərbaycana dəstək verdiyi üçün İsrail, Rusiya da daxil olmaqla, bir çox ölkələr ittiham edilsin. Çünki biz onlardan da silah almışıq və o silahlardan müharibədə istifadə etmişik.
Digər tərəfdən, Ermənistan elə bir ölkə deyil ki, Azərbaycan onunla müharibədə Türkiyədən kömək alsın. Cənab Prezidentin bundan öncə dəfələrlə dediyi kimi, Ermənistanı məğlub etmək üçün Naxçıvan Əlahiddə Qoşunları belə kifayətdir. 44 günlük müharibə bunu bir daha sübut etdi. Hazırkı vəziyyətdə Lüksemburq rəsmisinin belə bir açıqlamasında Türkiyəni ittiham etməsi onun qərəzli, ikiüzlü və erməni lobbisinin sifarişi ilə hərəkət etdiyini bariz şəkildə göstərir.
Təəssüf ki, Qərbi Avropa ölkələri bu günə qədər nə Qarabağ münaqişəsi, nə də 44 günülük müharibə barəsində düzgün, adekvat və qərəzsiz yanaşma sərgiləyib. Təbii ki, İtaliya, İngiltərə kimi istisnalar var.
Özünü insan hüquqları keşikçisi kimi qələmə verməyə çalışan Jan Asselbora isə məsləhət bilərdim, daha çox mütaliə etsin. Xüsusilə onu Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizini işğal altında saxlaması, bu ərazilərdə qanlı etnik təmizləmə həyata keçirməsi, 1 milyondan çox azərbaycanlı qaçqının taleyi barədə informasiya əldə edib, daha vicdanlı olmağa səsləyirəm”.


Tarix: 26-02-2021, 09:06


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı