Ulduz Ocaqova- Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. 
 
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
 
Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir. Bu il də 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü ilə əlaqədar Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə fəxri adlar və “Tərəqqi” medalı verilib.
Bayramınız mübarək, əziz müəllimlər!


                                        Ulduz Ocaqova                                     

             160 №-li klassik gimnaziyanın İbtidai sinif müəllimi

 

Tarix: 6-10-2020, 17:41


Bölməyə aid digər xəbərlər