Bəhruz Şirəliyev
“Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri
Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində olduqca vacib məqamlara toxunub. Dövlətimizin başçısı ölkəmizin regional və qlobal miqyasda artan rolundan bəhs edib. Azərbaycanın qonşu dövlətlərlə mehriban münasibətlər və balanslaşdırılmış xarici siyasət həyata keçirdiyi diqqətə çatdırılıb.
Ölkəmizin regionda sabitlik adası olması, əldə etdiyi uğurlar Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin bariz nümunəsidir. Cənab İlham Əliyev bu müsahibəsində həmin məsələləri geniş analiz etməklə yanaşı, ünvanlanan suallara səlis şəkildə cavablar verməklə əsl Azərbaycan həqiqətlərini bir daha beynəlxalq arenaya çatdırmış oldu. Bölgədə sülh və əmin-amanlığın qorunub saxlanılması, bunun üçün lazım olan bütün komponentlərin təmin olunması vurğulandı.
Dövlət başçısı müsahibəsində Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyini diqqətə çatdırdı: “Sözsüz ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası oldu. Bu da beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Azərbaycan məhz BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib”.
Prezident İlham Əliyevin bu müsahibədə toxunduğu məqamlardan biri də Azərbaycanın uğurlu xarici siyasəti ilə bağlı olub: “Reallıq odur ki, bu gün ölkəmizin regional və qlobal miqyasda nüfuzu artıb. Azərbaycanın son illər ardıcıl olaraq bir sıra qlobal layihələrə ev sahibliyi etməsi, birbaşa təşəbbüskar ölkə kimi çıxış etməsi bunu bir daha təsdiq edir. BMT Təhlükəsizlik Şurasının qeydi-daimi üzvü seçilən, daha sonra BMT-dən sonra dünyada ikinci aparıcı təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan bu gün beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilir. Məhz bu sırada COP29-un ölkəmizdə uğurla keçirilməsi xüsusi ilə qeyd edilməlidir. Çünki COP29 böyük çağırış, məsuliyyət, nailiyyət tələb edən vacib qlobal bir tədbir idi”.
Bu müsahibə Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və qlobal məsələlərdə fəal mövqeyini bir daha nümayiş etdirdi. Xüsusilə, Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu gücləndirmək, COP29 çərçivəsində yeni əməkdaşlıq mexanizmləri yaratmaq və dayanıqlı inkişafı təşviq etmək kimi məsələlər diqqət mərkəzində oldu. Bu müsahibə Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirmək və strateji tərəfdaşlıqlarını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Cənab İlham Əliyev Azərbaycanın uzunmüddətli inkişafı və enerji sektoru ilə bağlı ölkənin strateji əhəmiyyətini qeyd edib. O, həmçinin ölkəmizin qlobal enerji bazarlarında müstəsna rola sahib olduğunu və dünyanın müxtəlif bölgələrinə enerji ixracını artırmağı hədəflədiyini diqqətə çatdırıb.
Azərbaycanın neft və qaz sahəsindəki uğurları təkcə iqtisadi inkişaf üçün deyil, həm də regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji resursları dayanıqlı inkişafın təmin edilməsi və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsinə töhfə verir. Bu sahədə həyata keçirilən strateji layihələr və tərəfdaşlıqlar enerji təhlükəsizliyi və qlobal bazarlara inteqrasiyanı daha da gücləndirir.
Müsahibədə dövlət başçısı Azərbaycanın xarici siyasət prinsiplərindən bəhs edərək, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətin beynəlxalq arenada dəstəkləndiyini vurğulayıb. O, Azərbaycanın təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etməsini böyük məsuliyyət və nailiyyət kimi qiymətləndirib.
Cənab İlham Əliyev, həmçinin, Azərbaycan ilə Çin arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Dövlət başçısı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyini, həmçinin iqtisadi əlaqələrin genişlənməsini qeyd edib. Azərbaycanın iqtisadi potensialı və regional nəqliyyat dəhlizlərindəki mühüm rolu, xüsusən də Şərq-Qərb və Şimal-Cənub istiqamətindəki layihələr önə çəkilib. Bununla yanaşı, ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfələr, o cümlədən enerji resursları və bərpa olunan enerji sahəsindəki əməkdaşlıq, qarşılıqlı ticarət dövriyyəsinin artmasına və daha geniş iqtisadi əməkdaşlığın inkişafına şərait yaradır.
Beləliklə, Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkəmizin dünyadakı mövqeyini və xarici siyasətini təqdim etməklə yanaşı, həm də Azərbaycanın beynəlxalq münasibətlərdə və qlobal məsələlərdə fəal iştirakını əks etdirir. Bu cür müsahibələr həm də Azərbaycanın dünyada doğru imicini formalaşdırmağa, iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməyə kömək edir.
Bölməyə aid digər xəbərlər