Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuz cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu işğalçı qüvvələrini darmadağın etdi, düşməni diz çökdürdü. Artıq bütün dünya Şanlı Ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi oldu.
Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri Azərbaycan əsgər və zablərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Sözün həqiqi mənasında döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizamlı və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir.
Əlişir Əliyev,
Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı
Bölməyə aid digər xəbərlər