Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu müharibədən qalib çıxan xalqımız öz haqqı uğrunda axıra kimi ləyaqətlə, inamla mübarizə apardı. 44 gün davam edən hərbi əməliyyatlarla pozulmuş hüquqlarını bərpa edən Azərbaycan tək Ermənistana deyil, dünya erməniliyinə sarsılmaz zərbə vurdu. Milli Ordumuz 44 günə şanlı tarix yazdı. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, əsgər və zabitlərimiz döyüş meydanında şücaət göstərərək, düşmənin silahlı qüvvələrinə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandan əmin idi ki, xalq-dövlət-ordu birliyi işğalda qalan tarixi ərazilərimizi tam azad edəcək və həmin yerlərə sülh, gözəllik gələcək. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu baxımdan dediklərini xatırlayaq: ”Mən deyəndə ki, axıra qədər gedəcəyik, sözümə əməl etdim, o vaxt dayandıq ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldıraraq təslim oldu.” Bu şanlı Qələbə 30 il ərzində ürəklərində yurd həsrəti, torpaq nisgili gəzdirən qaçqın və köçkün soydaşlarımızın öz dədə-baba ocaqlarına qayıtmalarına şərait yaratdı.
Azərbaycanın gözü, hər birimizin qəlbinin əlçatmaz dərinliyində xüsusi yeri və məhəbbəti olan ecazkar Şuşa bizə həmişə yenilməzlik əfsanəsi kimi görünüb. Ermənistanın Azərbaycana qarşı işğalçı hücumları güclənəndə bizə elə gəlirdi ki, düşmən Şuşanı heç vaxt ala bilməyəcək. Çünki xəyallarımızda bu şəhər sıldırımlı qayalarla əhatə olunmuş elə keçilməz təbii istehkamlar idi ki. düşünürdük ki, bu istehkamları heç bir qüvvə aşıb keçə bilməz. Əsrlər əvvəl Ağa Məhəmməd şah Qacar kimi əzəmətli hökmdar, güclü sərkərdə belə, Şuşanı ala bilməmişdi. Ona görə də 1992-ci ilin 8 mayında xəyanət nəticəsində Şuşanın düşmənə təslim edilməsi həyatımızın böyük faciəsi oldu. Bu qədim şəhərin 28 ildən sonra- 2020-ci ilin 8 noyabr günü Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, hünəri, əsgər və zabitlərimizin rəşadəti sayəsində düşməndən geri alınması ömrümüzün ən böyük bayramına çevrildi, qanı kəsilməyən yaralara məlhəm oldu, Şuşa həsrətinə son qoyuldu.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə etdiyi çıxışda demişdir: ”Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.”
Noyabrın 10-da Ermənistanın baş nazirinin imzaladığı kapitulyasiya aktından sonra ölkənin hakimiyyət orqanları müharibədəki məğlubiyyəti rəsmən etiraf etdilər. Azərbaycan torpaqlarının bir hissəsini döyüş yolu ilə azad etdi. Kapitulyasiya aktına əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxarması ilə bağlı öhdəlik götürdü. Artıq bu rayonların hər birində Azərbaycan Bayrağı dalğalanır və onların azad edilməsi Ordumuzun döyüş meydanlarındakı şanlı qələbəsinin nəticəsidir.
Ölkə başçımız İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən regionun lider dövlətinə çevrilib. Möhtərəm Prezidentimiz öz çıxışlarında dəfələrlə bildirib ki, gücün böyük rol oynadığı müasir dövrdə ordumuz getdikcə daha güclü, daha qüdrətli olmalıdır.
Bu istiqamətdə ölkəmizdə ən zəruri tədbirlər həyata keçirilməkdədir. Qeyd edək ki, Azərbaycanın 2021-ci il dövlət büdcəsindəki hərbi xərclər üçün 4,58 milyard manat və yaxud 2,7 milyard manat ayrılmışdır. Bu, 2020-ci ilin hərbi xərclərindən 782 milyon manat (460 milyon dollar) və ya 20,5% çoxdur. 2020-ci ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8%-ni təşkil edirdi. 2021-ci ildə isə bu rəqəm 18%-dən bir qədər çoxdur.
Cənab Prezident Silahlı Qüvvələr Günü ilə bağlı tədbirdə vurğulamışdır: ”Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək. O cümlədən bizim gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, həm də iqtisadi fəallığı bərpa etmək imkanları çox məhduddur.
XXI əsr türk əsridir və Ali Baş Komandan İlham Əliyev Türk millətinin, Azərbaycan xalqının gücünü, milli ruhunu, qələbə əzmini, “dəmir yumruğu”nu bütün dünyaya nümayiş etdirdi. Regionumuzda, hətta dünyada artıq hər kəs Azərbaycanla münasibətlərində bu “dəmir yumruğ”u nəzərə alacaq. Biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli Ordumuzla qürur duyuruq.
Əzizağa Məmmədli,
“Qələbə” qəzetinin əməkdaşı
Bölməyə aid digər xəbərlər