Azərbaycan Ordusunun 1918-ci ildən başlayan şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Bildiyimiz kimi, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti yaradılmışdır. 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ölkə ordu quruculugu sahəsində əhəmiyyətli addımlar atmışdı. Ordu təşkilinə Cumhuriyyət elan edildiyi gündən başlanmışdır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Yeni yaradılacaq ordunun əsasını “Müsəlman korpusu” təşkil edirdi. Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün hökumət bir sıra tədbirlər gördü. Gəncə hərbi məktəbi fəaliyyətə başladı. Deyə bilərik ki, Xalq Cumhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşması sahəsində uğurlu işlər görüldü. Müstəqilliyin qorunması üçün düzgün seçilmiş siyasi xətt ölkənin müdafiəsinin möhkəmlənməsinə şərait yaratdı.
Əminliklə deyə bilərəm ki, müasir Azərbaycan Ordusunun şərəfli tarixi Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı məhz ulu öndər Heydər Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Bu məktəbin ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəbdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişdilər. C.Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxtda ən müasir hərbi təhsil müəssəsinə çevrildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Qərarlar qəbul edilməsinə baxmayaraq, o dövrün rəhbərləri ordu quruculuğu işinə səy göstərmirdilər.
Ordu quruculuğuna 1993-cü ildən başlanıldı. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra onun qətiyyətli siyasəti nəticəsində Milli Ordu formalaşdı. Ordu quruculuğunun diqqət cəkən tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Ordu quruculuğunun nəticələri artıq 1993-cu ilin sonu-1994-cü ilin əvvəlində özünü göstərməyə başladı. Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla AXC dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün–iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
Ümumilli lider Heydər Əliyevin ordu quruculuğu işləri onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu yolda ardıcıl islahatlar həyata keçirən dövlət başçısı ordumuzun qüdrətinin, döyüş qabiliyyətinin artırılması yolunda gərgin əmək sərf etdi. Bunun nəticəsində 44 günlük müharibədə Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş əzmi qələbəni təmin etdi.
Ordu sayəsində Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Bəli, Azərbaycan Ordusu əsl qəhrəmanlıq, rəşadət nümunəsidir.
Fərqanə Əsgərova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi
Bölməyə aid digər xəbərlər