İki avantüristin görüşü - Makron Paşinyanı təlimatlandırır - ŞƏRH

İki avantüristin görüşü - Makron Paşinyanı təlimatlandırır - ŞƏRH

 


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Fransaya 2024-cü ildə sayca ikinci səfərini edib. Oktyabrın 5-dək davam edəcək işgüzar səfər çərçivəsində onun Beynəlxalq Frankofoniya Təşkilatının sammitində iştirak edəcəyi bildirilir.


Məlumat üçün deyək ki, sonuncu dəfə baş nazir Fransa Müqavimətinin erməniəsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimində iştirak edib. Paşinyanla yanaşı, xarici işlər naziri Ararat Mirzoyan da Parisdədir.


Fransa prezidenti Emmanuel Makronla görüşən Nikol şübhəsiz ki, əsas diqqəti Azərbaycanla sülh danışıqlarına, eləcə də, Rusiya ilə münasibətlər, ölkə daxilində siyasi vəziyyətə həsr edib. Mediada yer alan xəbərlərə görə, Paşinyan Ermənistanda “Müqəddəs Mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın elan etdiyi payız etirazları qabağı Yelisey sarayından dəstək qazanmağa da çalışacaq. Eyni zamanda erməni müxalifətinin satqınlıqla bağlı ittihamlarında dəstək qazanmaq da var.


Bundan əvvəl Fransa Ermənistanın qərbyönlü lideri Nikol Paşinyana özünün “demokratik dəyərlərini” qorumaq və Rusiyanın “təhdidlərindən və aşkar düşmənçiliyindən” qorunmaq üçün hər cür köməklik edəcəyini vəd etdiyi barədə xəbərlər yayılmışdı. Vəd edilib ki, ona Cənubi Qafqazda mövqeyini möhkəmləndirməkdə dəstək olunacaq.

Səfər ərəfəsində Nikol Paşinyan bir sıra qalmaqallı və sərsəm fikirləri ilə gündəm olub. Qeyri ciddi mövqeyi ilə seçilən baş nazir erməni müxalifətinin ünvanına fikirlər səsləndirib. İddia edib ki, erməni müxalifəti Ermənistanı və onun hakimiyyətini real dövlət gündəmindən yayındırmaq istəyir. O, həyasızcasına bu sıraya Azərbaycanı da daxil edib. Hökumət başçısı iddia edib ki, erməni müxalifəti və rəsmi Bakı bu gün öz baxışlarında və yanaşmalarında bir-birinə zidd deyillər.


Söylədiyi bir həqiqət olub: “Erməni xalqı öz tarixi haqqında bütün həqiqəti bilməlidir. Uzun illərdir ki, Qarabağ məsələsi bir çox dövlətlər tərəfindən Ermənistanın boynunda ilgək kimi istifadə olunur”. O, hesab edir ki, keçmiş münaqişə Ermənistan dövlətçiliyinin aradan qaldırılması üçün bir vasitə kimi istifadə edilib.


Daha əvvəl isə Azərbaycanla sülh razılaşması, sərhədlərin delimitasiyası ilə bağlı maraqlı fikirlər səsləndirib. Lakin atdığı addımlar və səsləndirdiyi fikirlər onun bu çağırışları ilə ziddiyyət təşkil edir. Özünü guya Azərbaycanla hərtərəfli sülh imzalamağa can atan "sülh göyərçini" kimi göstərməyə çalışır. Proseslərin gedişi isə bunun əksini deməyə əsas verir.

Məsələn, Fransa və digər dövlətlərdən yeni silahlar alır, revanşist qüvvələrə dəstək nümayiş etdirir. Eyni zamanda ABŞ-dən hərbi təlimatçıların gəlməsinə rəvac verir, onlara birgə hərbi təlimlər artıq baş tutub, yeniləri də olacaq. Yəni sülh çağırışları sözdədir, revanşizm siyasəti tam gücü ilə həyata keçirilir. Beləliklə, sülh ritorikasını İrəvanın təcavüzkar planlarının örtüyü adlandırmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Paşinyanın çıxışlarına çox ehtiyatla yanaşmaq və sözlərə deyil, əməllərinə baxmaq lazımdır.


Sülh çağırışlarında İrəvanın səmimi olmadığını göstərən digər bir fakt. Ermənistan rəhbərliyi Qərbdə, xüsusilə Birləşmiş Ştatlarda guya Qarabağda "etnik təmizləmə və zorla köçürülmə" baş verməsi barədə bəyanatlara səssiz qalır.

Beləliklə, “İki bacı”- Fransa və Ermənistan liderlərinin bu danışığından nə gözləmək olar? Bunu dərk etmək üçün Makronun BMT Baş Assambleyasındakı çıxışını yad salmaq kifayətdir. “Fransa Azərbaycanın təzyiqləri qarşısında möhkəm Ermənistanın yanındadır” və beynəlxalq ictimaiyyəti Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının uğurunu təmin etməyə çağırış edib.


Bu da Makronun anti-Azərbaycan isterikasının son həddi idi. Ölkəsində və beynəlxalq aləmdə yaşanan problemləri, müharibələri görməzdən gələrək ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanı hədəfə alıb. Prezident bu ali kürsüdəki çıxışını sülh və əmin-amanlıq üzərində deyil, birtərəfli qaydada Azərbaycanı tənqid etmək üzərində qurub.


"Fransa Azərbaycanın təzyiqi və ərazi gərginliyi qarşısında Ermənistanın yanında möhkəm dayanır. Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurla nəticələnməsi və beynəlxalq tanınmış sərhədlərin qorunması üçün yaxında olmalıdır", - deyə o bildirib.

Fransa lideri, görəsən, hansı ərazi gərginliyindən dəm vurur? Bəli, bu gərginlik 30 il əvvəl olub və həllini də tapıb. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan belə bu gün bəyan edib ki, Azərbaycanla sülh sazişini COP29-a kimi imzalamağa hazırdır. Makron isə çıxışında hansısa təzyiqdən bəhs edir. Özü də həyasızcasına beynəlxalq ictimaiyyəti sərhədlərin qorunması üçün yaxında olmağa çağırıb. Böyük ehtimalla Parisdə keçiriləcək Frankofoniya sammitində də anti-Azərbaycan çıxışlar da yer alacaq.


Beləliklə, çox böyük ehtimalla Ermənistan baş naziri bu gün görüşdüyü Fransa prezidentin ilə görüşdən yeni əmr, göstəriş və tezislərlə dönəcək. İlk növbədə Fransa lideri bəyan edə bilər ki, Paşinyana dəstəyi davam edəcək. Bu da sonuncuya hava-su kimi lazımdır. İkincisi, Rusiya ilə münasibətlərin gərginləşəcəyini də gözləmək mümkündür. O ki qaldı əsas məsələyə - Azərbaycanla sülh razılaşması danışıqlarına, bu da bir qədər narahatçılıq doğurur. Nikolun səfər əəfəsində səsləndirdiyi anti-Azərbaycan fikirlər də bu qənaətimizi möhkəmləndirir. Əvvəllər İrəvan rəsmilərini Moskva təlimatlardırırdı. İndi bu missiyanı Makron öz üzərinə götürüb. Odur ki, Makronun yeni təlimatlarını istiqamətlərini, Paşinyanın Moskvaya qarşı çıxışları, Türkiyə və Azərbaycan normallaşma prosesinə açıqlamalarından görəcəyik.(Report)



Tarix: 3-10-2024, 18:02


Bölməyə aid digər xəbərlər