“Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq mətbuat azadlığı təşkilatı Almaniyada 2024-cü il ərzində media nümayəndələrinə qarşı baş vermiş hücumlarla bağlı yeni hesabat yayımlayıb.
Təşkilat tərəfindən hazırlanan və “Yaxın Plan 2025: Almaniyada Mətbuat Azadlığına Baxış” adlanan sənəddə ötən il ölkədə jurnalistlərə və media qurumlarına qarşı ümumilikdə 89 hücumun qeydə alındığı vurğulanır.
Hücumların 75-i birbaşa media nümayəndələrinin özlərinə və ya onların texniki avadanlıqlarına qarşı zorakı müdaxilələri əhatə edib. Qalan 14 hal isə redaksiya ofislərinə və jurnalistlərin şəxsi yaşayış ünvanlarına yönəlmiş təzyiqlərlə bağlıdır.
2023-cü illə müqayisədə statistik göstəricilər ciddi şəkildə artıb — ötən il cəmi 41 belə insident qeydə alınmışdı, bu isə 2024-cü ildə hücumların sayında ikiqat artım deməkdir.
Hesabatın müəlliflərindən biri və RSF-nin Almaniya üzrə eksperti Katerina Viktoriya Veys bildirib ki, ictimai rəydə jurnalistlərə qarşı münasibət getdikcə sərtləşir: “Almaniyada bəzi insanlar mətbuat nümayəndələrini artıq "düşmən" kimi görməyə başlayıblar. Bu, təhlükəli tendensiyadır. Biz media qurumlarını və siyasətçiləri məsuliyyətli davranmağa, azad mətbuatın cəmiyyətdəki vacib rolunu müdafiə etməyə çağırırıq. Yeni formalaşmış hökumət media siyasətində təcili islahatlara başlamalı və jurnalistləri populist hücumlardan daha yaxşı qoruyacaq mexanizmlər yaratmalıdır”.
Sənəddə həmçinin qeyd edilir ki, ilk dəfə olaraq alman jurnalistlərinin Yaxın Şərqdə reportaj hazırlayarkən qarşılaşdıqları spesifik çətinliklər də araşdırmaya daxil edilib.
RSF Avropa İttifaqı səviyyəsində də təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayır. Xüsusilə, nifrət dolu ritorikanın və yalan məlumatların yayılmasının qarşısını almaq üçün böyük texnoloji platformalarda qəbul edilən yeni qaydaların ciddi şəkildə tətbiq olunmasının vacibliyi önə çəkilir.
Bölməyə aid digər xəbərlər